MTN Elşad Abdullayeva cavab verdi

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev ötən ilin sentyabr ayından etibarən yaydığı videolardan sonra indi də mətbuata verdiyi müsahibəsi ilə gündəmə gəlib.

Son günlər gündəmdən düşməyən sabiq rektor Fransada Azərbaycanın xüsusi xidmət orqanlarının onu izlədiyini və öldürməyə cəhd etdiyini deyir. Hətta bu günə kimi ona olunan 11 sui-qəsdin qarşısının alındığını da bildirib.

Elşad Abdullayevin ən maraqlı fikri isə onu Sevinc Babayevasayağı öldürmək istəmələri haqqında olub:

"İndiki vəziyyətdə məni Sevinc Babayevasayağı öldürmək istəyirlər".

Hazırda Fransada yaşayan Elşad Abdullayevin bu ittihamlarına Azərbaycanın xüsusi xidmət orqanlarından cavab gəlib.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzinin rəisi Arif Babayev Modern.az-a rəsmi açıqlamasında Elşad Abdullayevin ittihamlarını "cəfəngiyyat" adlandırıb.

"Bu cür məlumatların hamısı cəfəngiyyatdır. Biz belə cəfəng məlumatları, yazıları, fikirləri şərh etmirik".

Qeyd edək ki, sözügedən videolara görə həbs edilən sabiq deputat Gülər Əhmədova hazırda onun Azərbaycana gətirilməsini tələb edir. Sabiq deputat istintaq qarşısında şərt qoyaraq E.Abdullayev ölkəyə gəlməsə, istintaqa ifadə verməyəcəyini deyib.

AzNews.az