“Vahid Millət” İctimai Birliyi türklük günüylə bağlı tədbir keçirdi

Kiprli millət vəkilindən çağırış: "Dünya Azadlığı uğrunda döyüşən və şəhid olan türkün haqqını tanımağa məhkumdur"

Dünən Beynəlxalq Mətbuat Mərkəzində 3 may Türkçülük Günü qeyd edilib. Şəhidlər Xiyabanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidləri, 1918-ci il Xalq Cümhuriyyətinin qurulması uğrunda döyüşən Türk Mehmetciyinin məzarlarını, həmçinin Fəxri Xiyabanda Türk Dünyasının böyük şəxsiyyəti, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət etmişlər.

"Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin millət vəkili Zorlu Törə və Gökan Gülər, Azərbaycanın tanınmış ziyalılar, ictimai xadimlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan "Vahid Millət" DDİB-nin sədri Hürrü Əliyev 3 may Türklük gününün tarixindən danışmış və bu günün ilk dəfə Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin rəhbərliyi ilə mərhum Başbuğumuz Alparslan Türkeşlə birgə keçirildiyini bildirmişdir. H.Əliyev bu günün bütün Türk Dünyasını bir araya gətirən bir simvol olduğunu qeyd edərək Türk birliyinin zəruriliyindən danışıb.
Bundan sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin millət vəkili Zorlu Törə Türkiyə və Azərbaycanın istiqlal tarixinə, Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına tarixi ekskurs etmiş türkün azadlıq sevgisinin tükənməz olduğunu və bu sevginin qarşısında heç bir gücün dayana bilməyəcəyini demişdir. "Türkiyə Ana Vətən. Azərbaycan Ata Vətən, Kipr isə Yavru Vətəndir"-deyən millət vəkili də bütün türk cümhuriyyətlərinin birliyinin dünyada barış üçün əsas şərt olduğunu qeyd etmişdir. "Mən millət vəkiliyəm, özümü bütöv bir millətin Türkün millət vəkili sayıram və hər bir türkün sevinci mənim sevincim, kədəri mənim kədərimdi"-deyən Zorlu Törə dünyaya və türk uluslarına da önəmli mesaj verdi: "Azadlığımız, müstəqil dövlətimiz üçün heç kimin, nə Rusiyanın, nə Amerikanın, nə İngiltərənin qarşısında borcumuz yoxdu. Biz azadlığımızı şəhidlərimizin qaniyla qazanmışıq. Dünya Azadlığı uğrunda döyüşən və şəhid olan türkün haqqını tanımağa məhkumdur."
Digər çıxışçılar da 3 may Türklük gününün əhəmiyyətini vurğulamış və Türk dünyasının birliyindən danışmışlar.

AzNews.az