Trestdən rəsmi açıqlama: “Qəbir daşları səhv düşüb”

“Məzardan cəsədin çıxarılması, yerin satılması mümkün deyil”

Vətəndaşlara Xidmət Tresti "Qurd qapısı" məzarlığında dəfn olunan Nuriyev Xəyal Vahid oğlunun cəsədinin 2 il əvvəl dəfn olunduğu yerdən çıxarılaraq başqa yerdə dəfn edilməsi ilə bağlı yayılan məlumatlarla bağlı araşdırmanı yekunlşdırıb.

Trestin baş mühəndisi Sabir Həsənov AzNews.az-a bildirib ki, məsələ qəbirlərin yerinin dəyişik salınmasından qaynaqlanıb:

"Xəyaldan 20 gün əvəvl Fazil adlı şəxs rəhmətə gedib. Onların məzarı yanaşı olub. Xəyalın yoldaşları da ona başdaşı düzətldirib qoyduranda məzarları qarışıq salıblar. Buna görə də Xəyalın başdaşı səhvən Fazilin məzarına qoyulub. Fazilin xanımı da gəlib bunu görəndə yoldaşının məzarı üstündən başdaşını çıxartdırıb və özləri hazırladan başdaşını qoyub. Qəbirstanlıq müdiri də Xəyalın başdaşının onun öz məzarı üstünə qoyulması tapşırığını verib. Bu hadisədən uzun müddət sonra yoldaşları gələndə başdaşının qoyduqları məzarda yox, başqa məzarda olduğunu görüblər. Sonradan özləri də başa düşdü ki, yanlışlığı onlar ediblər. Məzardan cəsədin çıxarılması, yerin satılması mümkün deyil. Sadəcə qəbir daşları səhv qoyulmuşdu və bu yanlışlıq düzəldilib".

Qeyd edək ki, müğənni Röyanın pərəstişkarı kimi tanınan və vərəm xəstəliyindən vəfat edən Xəyal Nuriyevə məzar yerinin millət vəkili Qənirə Paşayevanın köməkliyi ilə alınıb. Amma bu günlərdə dostları Xəyalın məzarını ziyarət etməyə gedərkən onun məzardan çıxarılaraq başqa yerdə dəfn olunduğunu gördüklərini iddia ediblər.

Elnarə Əlosmanqızı
AzNews.az