Mehriban Əliyeva “Olimpiya kəndi” ilə tanış olub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də “Olimpiya kəndi”ndə aparılan hazırlıq işləri ilə tanış olub


APA-nın məlumatına görə, Bakının Nizami rayonunda yerləşən, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq "Olimpiya kəndi" 382 min 397 kvadratmetr sahəni əhatə edir. Olimpiya kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil vardır. Burada, həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə 42 min kvadratmetr sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülüb.

Ərazidəki 1100 şagird yerlik yeni məktəb binası isə Bakı Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti üçün ayrılıb.

M. Əliyevaya məlumat verilib ki, Koordinasiya Komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılıb. Binada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinələr var. Kompleksdə voleybol, basketbol meydançaları yaradılıb, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur.

KİV təmsilçilərinin fəaliyyəti də nəzərə alınıb.

Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaq.

M. Əliyeva yarışlar zamanı Azərbaycana gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış olub.

Görülən işlərdən razılığını bildirən M. Əliyeva tövsiyələrini verib.

AzNews.az