Azərbaycanda prezidentliyə namizədi ölümlə hədələdilər

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas-tədqiqatçı, prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Altay ölümlə hədələnib. Bu barədə İ. Altay özü məlumat verib:

"Dünən, 3 May 2013-cü il tarixdə günortadan sonra "Yurd TV"-yə, Ramiz Mehdiyevin İrana səfəri ətrafında millət vəkili Rasim Musabəyovla olacaq debatın çəkilişinə gedirdim. Neftçiler prospektinə çatanda saat 14.23-də maşında telefonuma zəng gəldi. Cavan adam idi, öz adının Mamed olduğunu bildirdi. Kobud tonda bildirdi ki, yenə son zamanlar yaman ictimai-siyasi fəaliyyətini aktivləşdirmisən, gəl özünü yığışdir, özünə və ailənə yazığın gəlsin, belə getsə pis olacaq həyatınız üçün. Sual verdim ki, kişisən açıq danış, məqsədiniz nədir? Dedi, özün yaxşı bilirsən, telefonu qapatdı. Nömrəsi düşmüşdü telefonuma, hiss olunurdu ki, gizli nömreye çevirmək istəyiblər, alınmayıb. Danışıq cəmisi 38 saniyə çəkmişdi. Yol boyu bir neçə dəfə zəng vurdum geriyə, götürmədilər. "Yurd TV"-dəki butun çəkiliş boyu əhvalım yaxşı olmadı, Rasim müəllim və aparıcı da zənnimcə bunu hiss etdilər".

İlqar Altay təhdidin hansı tərəfdən ola biləcəyi barədə fikirlərini bölüşüb:

"Dünəndən bəri, belə bir ifrat hədəli təhdidin hansı tərəfdən ola biləcəyi barədə analiz aparırıq. Son zamanlar aktivliyim bu olub ki, 2013-cü il prezident seçkilərində namizədliyim irəli sürülüb. Mərhum prezidentlər Turqut Özal və Əbülfəz Elçibəyin zəhərlənmə ölümü iddiaları ilə bağlı müstəqil təhqiqat aparmaq niyyətimi bildirmişəm. Müstəqil və sözünü deyən şəxs kimi, haqq-ədalət naminə, öz təşəbbüsümlə, bir yuksək ranqlı dövlət məmurunun mövqeyini dəstəkləyən bir neçə çıxış etmişəm. Bir də İranın Azərbaycan əleyhinə təxribatlarına rəğməm İran rejimini sərt tənqid etmişəm. Düşünürəm ki, görəsən bu mövqeyimlə hansı əks-tərəf və ya qüvvədə qıcıq və qısqanclıq yaratmışam. Bilməlidirlər ki, nə qədər neytral bitərəf olsam da, adekvat kəskin cavab vermək iqtidarındayam mənə toxunana. Özü də konkret faktlarla!".

İlqar Altay hansı əks-tədbirlər görəcəyi barədə də bildirib:

"Telefon nömrəsi 596 ilə başlayır, şəhər nömrəsidir, tam nömrəni açıqlamıram. Axşama yaxın öyrəndik ki, Yasamal rayonu ərazisində yerləşir bu ünvan. Əvvəllər də mənə qarşı müxtəlif təhdid və təxribatlar olub amma heç açıqlamaq istəməmişəm. Amma bu dəfəkini cox ciddi və həyatımız üçün konkret təhlükəli hesab etdim. Ona görə də ölkə prezidentinə, hüquq-mühafizə orqanlarına və beynəlxalq qurumlara müraciət etmək fikrindəyəm" .//qafqazinfo//

AzNews.az