Dövlət qulluğunda işləmək istəyənlərə şad xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən başlayaraq 5 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 125 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Dövlət Komissiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 124 mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1.dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı- 15 test tapşırığı;

2.qanunvericilik sahəsində - 40 test tapşırığı;

3.informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4.məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarından - Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 107 vakant vəzifə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 10 vakant vəzifə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifə, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2 vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarında - Hacıqabul Rayon Məhkəməsi üzrə 1 vakant vəzifə müsabiqəyə çıxarılmşdır.

AzNews.az