BAKI BARLARININ “FACEBOOK TƏLƏSİ” – ADAMI TƏLƏYƏ NECƏ SALIRLAR? BAKI BARLARININ “FACEBOOK TƏLƏSİ” – ADAMI TƏLƏYƏ NECƏ SALIRLAR?

TOP modelimiz dələduzların qurbanına çevrildi – BAR ARAŞDIRMASI

BAKI BARLARININ “FACEBOOK TƏLƏSİ” – ADAMI TƏLƏYƏ NECƏ SALIRLAR?



"Qız arxa otağa keçdi və bundan sonra mənə hesab gəldi: 92 manat..."



Şəhərimizdə fəaliyyət göstərən bar və kazinoların fəaliyyəti dayandırıldıqdan sonra zəngin gecə həyatı yaşayanlar üçün müəyyən müddət bir boşluq yarandı. Gecələrin vazkeçilməz müştəriləri getməyə yer, içməyə bar, sevməyə qız tapmadığı bir məqamda yeni məkanlar "aşkarlandı". Belə ki, kişilərin gecələr bar və kazinolarda çıraq işığında axtardığı qızlar günün günorta çağı internetdən çıxmağa başladı.

Şirin vədləri, başdan çıxaran dili ilə indi daha böyük məkanda – sosial şəbəkələrdə özünə müştəri axtaran cilvəli qızlardan hansı kişi vaz keçər? Amma bu vazkeçilməz yolun sonunda bir peşmanlar barların yaranacağını internetdə gördüyü gözəlin xəyalına uymuş "qurbanlar" hardan bilsin axı...

Görüş yerini dəyişmək olmaz

AzNews.az-ın araşdırması göstərdi ki, sevgi axtarışı ilə yola çıxanların müvəqqəti dayanacağı müştərilərini itirmiş "siçovul yuvası" adlandırılan barlardır. Qeyd edək ki, bir vaxtlar gənclərin əsas əyləncə məkanı olan barlar müasir klublar yaranandan sonra müştərilərini itirib. İndi gənclər zirzəmilərdə yerləşən, hər cür iyrəncliklərin, cinayətlərin baş verdiyi barlara çox da meyl etmirlər. Amma həmin "siçovul yuvaları" yenədə qazanc mənbəyidir. Necə? Bu, AZNEWS.AZ-ın kiçik araşdırmasında bəlli olur. Bəlli olur ki, həmin barlar öz "gözəlçələrini" sosial şəbəkələr vasitəsi ilə "satır" və bundan daha çox qazanc götürür.

Necə? Bunu klubların özünü və xidmətini aşan qiymətləri ilə artıq çoxdan tanış olan müştərilərdən öyrənsək, daha yaxşı olar. Bəlkə "dərisi boğazından çıxarılan qardaş"ların təcrübəsindən özünə dərs çıxaranlar oldu?!

Klubların "qurbanları"

Ondan başlayaq ki, klubların yeni "oyunlarından" zərərçəkənlər təkcə barlarda qız "tutmaq" istəyənlər deyil. Bəzən hətta bu məsələlərlə maraqlanmayan şəxslər də zərər çəkir. Məsələn, elə "Best model 2004- Azərbaycan" İlqar Əliyev kimi...

İdarə etdiyi maşınla Hüsü Hacıyev küçəsi ilə gedən İlqar Əliyev qaçaraq qarşısına çıxan gənci vurub. Sonradan öyrənib ki, vurduğu gənc əslində klub işçilərindən qaçırmış: "Mən sonradan öyrəndim ki, vurduğum adam klubda olub. 1-2 stəkan kola, kokteyl içib. Sonradan ona təqdim olunan qiyməti görəndə gözü kəlləsinə çıxıb. Bir az mübahisə edib, ona təqdim olunan qiymətlə razılaşmaq istəməyib. Amma görüb ki, heç bir xeyri yoxdu. Fantastik rəqəmi onun belinə zorla yükləyəcəklərini və ödəyə bilməyəcəyini anlayınca qaçmağa çalışıb. Bar işçiləri də arxasınca düşüb ki, yaxalayıb nəyi varsa, əlindən alsınlar. Nəticədə həmin qəza baş verdi. 18 yaşlı həmin gəncin bir neçə saatlıq bar əyləncəsinin cəzasını isə onunla bərabər mən də çəkdim".

İnternetdən tapdığın qızla "beynəlxalq vəziyyəti" müzakirə edirsənsə...

İlqarın sözlərinə görə, bu cür barların hamısı bu taktika ilə işləyir: "Yaşadığım məhəllədə Nicat adlı dostum da klubların qurduğu tələyə düşüb. İnternetdə bir qızla tanış olub. Qızdan görüş dəvəti alıb və dərhal razılaşıb. Qız onu "Beşmərtəbə" adlanan yerdə fəaliyyət göstərən "Rena" adlı bara dəvət edib. Orada bir az söhbət ediblər, kokteyl və şirin içkilər içiblər. Çıxmaq istəyəndə ona təqdim edilən hesabdan şoka düşüb. Nə az, nə çox, 280 manat pul istəyiblər".

Daha dostluğuma bir qız da buraxmıram

Klub müştərilərinin təcrübəsi göstərir ki, sosial şəbəkələr – facebook, "odnaklassnik", "m-agent" barlara, klublara müştəri cəlb etmək üçün ən yaxşı vasitələr sayılır. Bu işdə barların, klubların əsas "işçiləri" də məhz xanımlardır. Adi vaxtda həmin barlara daxil olsanız, internetdən dostluq təklifi aldığınız həmin qızları görə bilərsiniz. Qarşısında kompüter, oturduğu yerdən öz qurbanlarını seçir. Və nəhayət, budur o. Növbəti qurban Sadiqdir:

"5-6 ay əvvəl "odnaklassnik"də bir xanımla tanış oldum və yazışmağa başladıq. Sonra qız görüşməyi təklif elədi. Görüş yerini də elə o özü təyin etdi. Dediyinə görə, şəhərdə Nizami küçəsində, "Mcdonalds"ın arxasında ona məxsus bir yer var, orada görüşək. Nə olduğunu bilmirdim. Ancaq şübhələnmişdim. Bu işin nə isə bir əmması, fırıldağı çıxacağı ürəyimə dammışdı. Ancaq maraq xətrinə deyilən yerə getdim. Dostlarımdan birinə də xəbərdarlıq etdim ki, belə bir yerə gedirəm, lazım olsa, çağıracam. Deyilən yerə getdim. Qız məni qarşılayıb zirzəmidə yerləşən bir "Skylife" adlı bara apardı. İçəridə xadimə və bir neçə kişi vardı. Kişilər yatırdılar. 2 qızla oturduq. Mən kola içdim, qızlar isə spirtli içki. Bir azdan məni görüşə çağıran qız yuxarıda yerləşən mənzili təmizləyən qadına vermək üçün 20 manat pul istədi və guya paltarını dəyişmək üçün masadan qalxdı. O vaxta qədər də mən klubun hesabını ödəyəcəkdim. Qız arxa otağa keçdi və bundan sonra mənə hesab gəldi: 92 manat. Təbii ki, hesabın izahıni tələb etdim. 3 içki necə 92 manat ola bilər? Barı işlədənlər dedilər ki, ödəməliyəm, vəssalam. Üstümdə pul da yox idi. Qızı çağırın, dedim, tanımadıqlarını söylədilər. Məlum oldu ki, o da pulu götürüb aradan çıxıb. Üstümdə pul az idi və çarəsiz qalıb dostumu çağırdım. Dedik ki, hesabı bir şərtlə ödəyərik ki, əvəzində çek versinlər. Onlar çeksiz işlədiklərini, arxalarında böyük adamların dayandığını, lazım olsa əraziyə baxan polisi çağırıb bizi həbs etdirəcəklərini bildirdilər. Dedilər, bizim dalımızda DİN-in yüksək vəzifəli şəxsi dayanır...
Bu hadisədən sonra bənzər hadisələrlə qarşılaşdıqlarını dostlarımdan da eşitdim. 10 gün depressiyadan çıxa bilmədim. Qızın məni aldatmağı çox təsir etmişdi mənə".

Sadiq sosial şəbəkələrdən yenə istifadə edir, ancaq "dərsi" bir az ağır aldığından daha qızlarla dostluğa etibar eləmir: "Sosial şəbəkələrdə dostlarım var. Amma dostlarımın arasına 1 qız da buraxmıram".

Ruhiyyə
AzNews.az

image description image description image description