TQDK təhsil şöbələrinə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rayon və şəhər təhsil şöbələrinə müraciət edib. Müraciətdə ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən, buraxılış imtahanında "2" qiymət(lər)i alan, və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərlə bağlı aşağıda tədbirlər qeyd olunub.

I) 2013-ci il may ayının 15-dən 25-dək təhsil müəssisələrində bu şəxslərin qeydiyyatı aparılır və ilkin məlumatları "Şagird-məzun" sisteminə daxil edilir.

II) 2013-ci il may ayının 27-dən iyun ayının 8-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin biliyinin qiymətləndirilməsi aparılır*.

III) 2013-ci il iyun ayının 10-dan 15-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərar qəbul edilmiş şəxslər haqqında məlumatlar aşağıdakı qaydada "Şagird-məzun" bazasına daxil edilir:

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, o cümlədən illik qiymət(lər)i "2" olan fənlər göstərilməklə, və bu fənlər üzrə xüsusi komissiyanın qiyməti;

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyənlər üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri. Bu şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır.

- Ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, buraxılış imtahanında hər hansı fəndən "2" qiyməti alanlar üçün: buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətləri, buraxılış imtahanının qiymətləri, o cümlədən "2" qiyməti aldığı fən(lər) göstərilməklə, və bu fən(lər) üzrə xüsusi komissiyanın qiymət(lər)i (ana dili və (və ya) riyaziyyat fənləri istisna olmaqla). Buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən "2" qiyməti alan şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır, onlar haqqında məlumat həmçinin iyun ayının 15-dək bazaya daxil edilir.

- Eksternat qaydasında bu il attestasiyada iştirak edənlər üçün: attestasiya aparılan bütün fənlər üzrə xüsusi komissiyanın qiymətləri.

Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) təhsil müəssisəsində saxlanılır.

* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarına (kurikulumlarına) uyğun olaraq təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin aşağıdakı bilik və bacarıqlara malik olması yoxlanılır və qiymətləndirilir:

Azərbaycan dili fənni üzrə

• verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı mətnlər yazmaq;

• dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırmaq;

• nitqin müxtəlif üslub və tiplərində mətnlər qurmaq.

Ədəbiyyat fənni üzrə

oxuduğu ədəbi nümunələri bədii emosional və obrazlı qavradığını nümayiş etdirmək, ayrı - ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazmaq;

• ədəbi nümunələri mövzu, janr , problem baxımından müqayisə etmək, əsaslandırmış rəy bildirmək;

• görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahələri barədə məlumatlara malik olmaq.

Xarici dil fənni üzrə

• müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah etmək;

• oxunmuş mətnin planını tərtib etmək, qısa məzmununu yazmaq;
• sadə süjetli mətnlər qurmaq.

Riyaziyyat fənni üzrə

• riyazi kəmiyyətlər arasında asılılığı müəyyənləşdirmək;

• ölçmə və hesablama vasitələrindən istifadə etmək, yazılı və şifahi əməliyyatlar aparmaq;

• mühakimələrini riyazi faktlarla əsaslandırmaq və məntiqi nəticələri şərh etmək, isbat olunmuş təklifi ehtimal olunandan fərqləndirmək.

Azərbaycan tarixi fənni üzrə

• Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirmək;

• tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah etmək və ona münasibət bildirmək.

Ümumi tarix fənni üzrə

• müxtəlif tarixi hadisə və prosesləri təhlil etmək, onların arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah etmək;

• dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrü ilə tarixi konteksdə müqayisə etmək ;

• tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək;

• müasir dövrün proses və hadisələrini, qlobal problemlərini şərh etmək.
Fizika fənni üzrə

• fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah etmək;
• fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh etmək;

• nəzəri biliklərin həyatda tətbiqini nümayiş etdirmək.
Kimya fənni üzrə

• qeyri - üzvi və üzvi maddələri fərqləndirmək və onların xarakterik cəhətlərini izah etmək;

• kimyəvi hadisələri dərk edərək tətbiq etmək;

• kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək.

Biologiya fənni üzrə

• bioloji varlııqların yaranması və inlkişafı ilə bağlı canlı orqanizmlərdə gedən prosesləri dərk etmək;

• irsiyyətin qanunauyğunluqlarını başa düşmək, əsaslandırmaq;

• seleksiya ilə bağlı nailiyyətlərin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah etmək.

Coğrafiya fənni üzrə

• coğrafi qanunauyğunluqları və onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticəsini izah etmək;

• təbii komplekslərin müqayisəli təhlilini aparmaq, onlarda baş verən dəyişikliklərin səbəblərini şərh etmək;

• müvafiq nəzəri biliklər əsasında hesablamalar aparmaq , plan və xəritələr, diaqramlar, sxem və cədvəllər üzərində işləmək.

Bu zaman şagirdin müvafiq fəndən (fənlərdən) təqdim edilmiş suallara yazılı cavab verməsi tələb olunur.

Elnarə
AzNews.az