Milli Məclis Azərbaycanın Miqrasiya Məcəlləsini qəbul etdi

Milli Məclis Azərbaycanın Miqrasiya Məcəlləsini birinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, məcəllənin layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

Məcəllədə qeyd olunur ki, viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz.

Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surətini poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

AzNews.az