“Mikayıl Cabbarov qeyri - standart qərarları ilə diqqəti çəkir“

Mikayıl Cabbarovun yeni təhsil naziri təyin olunması ictimaiyyətin diqqətini çəkdiyi kimi onun verdiyi qərarlar və daha hansı yeniliklərin olacağı da daim diqqət mərkəzindədir.

Təsadüfi deyil ki, hər tədris ili müddətində müxtəlif bayramlar və ya müxtəlif adlarla şagirdlərdən pul yığılmalarının azalması da diqqətimizdən yayınmayıb. Gənc təhsil nazirinin hədəfinə tuş gəlməmək üçün məktəb direktorları şagirdləri və valideynləri əvvəlki kimi sıxışdırmırlar. Artıq bəzi məktəblərdə bu müşahidə olunmaqdadır.

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bunun xoş xəbər olduğunu qeyd edib. O, ümumiyyətlə vurğulayıb ki, yeni təhsil naziri qeyri-standart qərarları ilə diqqəti çəkir.

"Bu qərarlardan biri orta məktəbi bitirənlərin hamısına attestat verilməsidir. Standart qərarda bu yox idi. Bununla isə demək olar ki, attestatla bağlı olan bütün söz-söhbətlərin kökünü kəsmək olar".

Təhsil eksperti təhsildə dəyişiklər və yeniliklər etməyin o qədər də asan olmadığını vurğulayıb. "Təhsil taxta deyil ki, onu yonub mebel düzəldəsən. Bu ictimai münasibətlərin təmərküzləşdirilmiş və keçmişə əsaslanaraq gələcəyə yönəlmiş bir vasitəsidir. Burada bir-bir qüsurları aradan götürmək lazımdır. Bu da çox yaxşı nəticələr verər".

Ş. Əsgərov bildirib ki, yeni təhsil nazirinin təyin olunmasının siyasi yükü də təhsildə təmizliyin yaradılmasıdır. "İnanıram ki, bu davamlı olacaq. Amma insanlar da müxtəlifdir. Məktəb direktoru var ki, şəxsi mənafeyi ictimai mənafeyindən üstün tutur, insan da var əksinə. Güman edirəm ki, yeni təhsil naziri şəxsi mənafeyi üstün tutan məktəb direktorlarını ictimai maraqlardan üstün tutan məktəb direktorları ilə dəyişəcək".

AzNews.az