İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə yararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.

Hazırda tikilməkdə olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində daha 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min hektardan artıq torpaqların isə əkin dövriyyəsinə daxil edilməsi mümkün olacaq.

Təkcə 2005-2012-ci illərdə respublikanın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 ədəd subartezian quyusu qazılmış, habelə 400 min nəfər əhalinin yaşadığı 221 kənddə sakinləri ekoloji təmiz içməli su ilə təmin etmək məqsədi ilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Sərəncamda qeyd olunur ki, əhalisi 310 min nəfərdən çox olan respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə subartezian quyularının layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzNews.az