Telman İsmayılov daha iki milyarderi "Milyarderlər İttifaqı"na gətirdi

"Yəhudi əsilli azərbaycanlı iş adamı, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının ("Milyarderlər İttifaqı") üzvü Telman İsmayılov əslən Qubadan olan milyarder, dağ yəhudilərini də ittifaqa gətirir


Bu barədə AZNEWS.AZ-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, adı "Forbes"in milyarderlər siyahısında olan Zarax İliyev və Qod Nisanovla görüş zamanı bu barədə prinsipial razılıq alınıb.

Mənbənin dediyinə görə, hazırda Moskvada yaşayan və əslən Quba yəhudisi olan Qavril adlı olduqca imkanlı dağ yəhudisi ilə də İttifaqa üz olmaq üçün danışıqlar gedir.

"Əslində dağ yəhudilərinin həm Telman İsmayılovla, həm də Abbas Abbasovla yaxın əlaqələri var. Təsadüfi deyil ki, bir qədər əvvəl Abbas Abbasov Dərbənddə olub. O, Dərbənd şəhərinin meri İmam Yarəliyevlə görüşüb. Görüşdə bir neçə yəhudi əsilli iş adamı və yerli yəhudilər də iştirak edib. Söhbət ondan gedir ki, Ramazan Abdulatipov Dağıstan prezidentin səlahiyyətlərini icra edəndən sonra respublikada yəhudi iş adamlarının sıxışdırılmasına başlanılıb. Abbas müəllimi Dərbənddə Moskvadan gəlmiş bir neçə yəhudi əsilli biznesmen də müşayiət edib. Dərbənddə və Dağıstanın bir sıra iri şəhərlərində, o cümlədən Mahaçqalada yəhduilərə, xüsusən də Zarah İliyev, Qod Nisanov kimi adı "Forbes"in siyahısında olan milyarderlərə məxsus obyektlər var. Məhz bu danışıqlardan sonra dağ yəhudilərinin Dağıstanda, xüsusən də Dərbənddə biznesinə yaşıl işıq yandırılıb. Görünür, məhz bunun müqabilində İliyev və Nisanovun ittifaqa gətirilməsinə nail olunub".

Mənbə bir maraqlı məqama da toxunur. Sən demə, İliyevin və Nisanovun Moskva şəhər meriyası ilə uzun müddətdir davam edən bir məhkəmə çəkişməsi var. Söhbət Moskvada fəaliyyət göstərən böyük ticarət mərkəzi- "Yevropiyski"dən gedir. Bu ticarət mərkəzində Moskva meriyasının 15 faizlik payı var və meriya bu payın artırılmasını istəyir. İş adamları isə bununla razılaşmır. Bu səbəbdən neçə vaxtdır meriya-iş adamları qovğası ara vermir.

Məlumata görə, artıq bu problem də həll olunmaq üzrədir.

Azər
AzNews.az