Əməkdaşımız mövzuyla bağlı ekspertlərin fikirlərini öyrənib Əməkdaşımız mövzuyla bağlı ekspertlərin fikirlərini öyrənib

Texnologiyaların inkişafı xərçəngə səbəb olur?

Əməkdaşımız mövzuyla bağlı ekspertlərin fikirlərini öyrənib



Texnologiyalar inkişaf etdikcə onun insan sağlamlığına təsiri də daha çox müzakirələrə səbəb olur. Dünyanın hər yerində ayrı-ayrı tədqiqatlar aparılır, cəmiyyətə inkişafından yararlandıqları yüksək texnologiyaların zərərləri barədə ismarışlar ötürülür. Buna baxmayaraq, cəmiyyət məhz inkişaf tərəfdarı olaraq qalır – bu onun səhhətinə çox ciddi ziyan vursa da.

Yüksək texnologiyaların inkişafının qurbanı olduğunu iddia edən Seymur İsmayılov xərçəng xəstəsidir. Artıq bir neçə ildir ki, sol böyrəyində yaranan xərçəngə qarşı intensiv terapiya keçir:

"2010-cu ildə sol böyrəyimdə aşkar olunan xərçənglə əlaqədar İranda oldum. Hələ 2010-cu ildə orada həkim mənə xərçəngin bu növünün 2 səbəblə əlaqədar olduğunu söylədi. Birinci səbəb zərbə ilə bağlı ola bilər. Zərbədən sonra orqanda yaranan zədə sovrulmaz və sonradan orqanizmin özü-özünü bərpa edə bilməməsi xərçəngə səbəb ola bilər. Xərçəngin inkişafına təsir göstərən ikinci amil isə radiasiyanın səviyyəsinin artmasıdır. 4G var, indi də 5G-dən danışırlar".

İnkişafın ağır nəticələrindən narahat olan S.İsmayılov onun kimi yüzlərlə, minlərlə insan olduğunu deyir: "Müalicə məqsədi ilə Ukraynada da oluram. Orada Çernoblda baş verən qəzadan sonra radiasiyanın təsirindən ziyan çəkənlərlə də tanış oldum. Danışırdılar ki, nəinki insanlar, hətta heyvan və bitkilər şüalanmanın təsirindən əziyyət çəkir. Orada şaftalını yemək olmur. Görünüşü dəyişən meyvəni yeyəndən sonra qarında sərt ağrılar əmələ gəlir. Ona görə də, orada şaftalı kimi bir sıra meyvələri yemirlər".

Qeyd edək ki, Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954 nəfərə çatıb. Halbuki, 2011-ci ildə bu xəstələrin sayı 28 685 nəfər, 2010-cu ildə bu göstərici 28 052 nəfər olub. Rəqəmlər göstərir ki, xərçəngə tutulanların sayı ildən ilə artır. Artan xəstəliyin səbəbi inkişaf edən texnologiyalardımı?

AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə müavini Rəvan Mehtiyeva problemə "çoxu zərərdir" prinsipi ilə yanaşır. Mütəxəssis Aznews.az - açıqlamasında bildirib ki, şüanın yaratdığı xəstəliyi elə şüa ilə də sağaldırlar: "Məsələ orasındadır ki, xərçəngi şüa ilə müalicə edirlər. İnsan bədənində olan şişin ətrafını nöqtəvi şüalandırırlar. Bununla da şişin yayılmasının qarşısını alırlar. Vacib olan şüanın həcmidir".

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov da radiasiyanın zərərli təsirini təsdiqləyib:

"Bu elmi araşdırma tələb edən bir məsələdir. Təbii ki, şüalar insan orqanizminə təsirsiz deyil. Elm sübut edib ki, şüalanmanın zərərli təsiri var. Mən 2 telefonla yumurta qaynada bilərəm. Bu doğrudur. Lakin həkimlər də bilir ki, bu xəstəlik texnologiyanın inkişafından öncə də vardı. Odur ki, sırf mobil telefonu olduğu, sürətli internetdən istifadə etdiyi üçün insan xərçəng olmaz".

Respublikanın baş onkoloqu Azad Kərimlinin fikrincə, radiasiya amili xərçəngin yayılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, xərçəngin yaranma səbəbi nəinki Azərbaycanda, ümumiyyətlə dünyada məlum deyil. Aznews.az-a açıqlamasında A.Kərimli bildirib ki, hazırda dünyada bu xəstəliyin öyrənilməsi məqsədi ilə geniş araşdırmalar aparılır:

"Buna baxmayaraq elm-texnika bu xəstəliyin qarşısında aciz deyil. Bu xəstəliklə mübarizədə həm elmi, həm də praktik cəhətdən çox böyük irəliləyişlər var. Müasir dünyamızda son texnoloji avadanlıqlar, yeni dərman preparatların hazırlanmasında qazanılan nailiyyətlər buna bir sübutdur. Azərbaycanda xəstələrin ildən ilə sayı artır, lakin xəstəliklə mübarizənin təşkili səviyyəsi və keyfiyyəti də yüksəlir. Hazırda ölkəmiz bu sarıdan nə Avropadan, nə də Amerikadan geri qalmır. Ən son texnoloji avadanlıqlar, yüksək ixtisaslı kadrlara sahibik".

Texnologiyaların xəstəliyinin sürətlə yayılmasındakı "xidməti"nə gəlincə, baş onkoloq bunun həm də orqanizmdən asılı olduğunu deyib: "Texnologiya inkişaf edir. Biz özümüzü o inkişafdan kənarda saxlaya bilmərik. Şüa telefondan, televizordan, elektrik qızdırıcılarından, bir sözlə, bizi əhatə edən hər şeydən yayılır. Biz şüa ilə əhatə olunmuşuq. Lakin insan orqanizmində bu mühitə adaptasiya gedir. Nəinki xərçəng, istənilən xəstəlikdən öncə orqanizmdə onun üçün şərait yaranır. İkinci tərəfdən, orqanizmin immun sistemi zəifləyir və xəstəliyə qarşı mübarizə apara bilmir. Məhz bu halda xərçəng də daxil olmaqla, istənilən xəstəlik orqanizmdə inkişaf edə bilər. Baxır ki, yaranan şərait hansı xəstəliyin inkişafına kömək edir. Şiş xəstəlikləri mobil telefondan əvvəl də vardı, indi də var. İndi bir sıra şişləri məhz şüa terapiyası ilə sağaldırıq. Nəticədə həmin şiş tamamilə sovrulur. Əsas odur ki, xəstəyə düzgün diaqnoz qoyulsun. bu halda müalicə də düzgün aparılır və müsbət nəticə verir. Xərçəngdə əsas iş histoloji müayinəniz üzərinə düşür. Histoloji müayinənin nəticəsindən asılı olaraq müalicə təyin edilir. Xəstə orqandan götürülən nümunə histoloji loboratoriyada araşdırıldıqdan sonra həkim hansı müalicə taktikasını seçəcəyinə qərar verir. Elə şişlər var ki, onlar kimyəvi müalicəyə, eləsi isə var ki, şüa terapiyasına həssasdır. Şüa terapiyasına həssas şişlərə qarşı kimyəvi müalicə seçməyin mənası yoxdur".

Ruhiyyə
Aznews.az