“Azərbaycanda evsiz nazir müavini var”

Azərbaycanda nəinki evsiz əlil, hətta nazir müavini səviyyəsində olan evsiz məmur da var. Trend-in məlumatına görə, bunu "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA rəsmisi deyib ki, Azərbaycanda əlillərin problemi dövlətin problemidir: "Bu, təkcə QHT-lərin problemi deyil. Əlbəttə, evsiz, müalicəyə ehtiyacı olub ancaq lazımi müalicə ala bilməyən əlil də var. İndi bunu Səhiyyə Nazirliyi müəyyən etməlidir ki, nəyə görə Azərbaycan tibbinin imkanları buna imkan vermir. Hər halda bu, araşdırılmalıdır".

Həsənov vurğulayıb ki, bütün bunlar dövlətin ümumi sosial məsələsidir: "Bu tədbirdə diabet xəstəliyi ilə bağlı da məsələ qaldırıldı. Azərbaycan diabet xəstələrinə ən çox qayğı göstərən ölkələrdən biridir. Dünyada bu tipli sağalmaz xəstəliklərlə bağlı qanun və dövlət proqramı qəbul edən, bu sahə üzrə ayrıca klinika yaradan ilk dövlətlərdən biri bizik. Hörmətli Mehriban xanımın bilavasitə dəstəyi və təşəbbüsü ilə bu sahə üzrə neçə-neçə dövlət proqramı qəbul olunub və həyata keçirilib. Ancaq bəllidir ki, biz bu sahə üzrə hər şeyi həll edə bilməmişik. Hər şeyi həll edə bilsəydik, o zaman bizə dövlət idarəçiləri nəyə lazım idi?"

AzNews.az