“Yeni qiymətləndirmə sistemindən əvvəl alimlərin aldığı maaşdan danışmaq lazımdır” “Yeni qiymətləndirmə sistemindən əvvəl alimlərin aldığı maaşdan danışmaq lazımdır”

Azərbaycan alimləri etiraz edir

“Yeni qiymətləndirmə sistemindən əvvəl alimlərin aldığı maaşdan danışmaq lazımdır”



Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA institutlarının qiymətləndirilməsinin yeni sistemi təqdim olunub.

Akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Asəf Hacıyev, texnika elmləri üzrə fəlsəfə doktoru Sərdar Şabanovun birgə hazırladıqları "Elmi nəticələrin keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma" adlı elmi məruzə Azərbaycanda alimlərin 30 faktor əsasında qiymətləndirməsini nəzərdə tutur.

Müəlliflər iddia edir ki, bu sistem əsasında alimlərin, daha sonra isə AMEA institutlarının reytinqi qiymətləndiriləcək. Bu sistem müxtəlif elmi mükafatların təltifində, elmi qurumlara və akademiyalara seçkilərin keçirilməsində, ali məktəblərdə professor vəzifələrinin tutulması zamanı da istifadə oluna bilər.

Lakin yeni sistemə münasibət heç də birmənalı deyil. Hətta alimlər bu məsələdə yeni sistem müəlliflərinin fikirlərinə qatılmırlar. Numizmatik Qənirə Pirquliyeva AzNews.az-a açıqlamasında bildirib ki, alimdən əvvəl elm sahəsindəki mövcud vəziyyət qiymətləndirilməlidir:

"Məncə, yeni qiymətləndirmə sistemindən əvvəl ölkədə alimlərin aldığı maaşdan danışmaq lazımdır. Əmək haqqımız dünyanın inkişaf etmiş ölkələriylə ilə deyil, qonşu Gürcüstan, Rusiya, hətta Qazaxıstanla da müqayisədə azdır. Yazdığımız əsəri çapa hazırlamağa aylıq məvacibimizin orta hesabla 30-40 faizi sərf olunur. Bu, öz ölkəmizdə, öz dilimizdə olan məqalə və kitabların xərcidir. Ayda cəmi 200-250 manat alan alim əsərini ölkəsində çap etdirmək üçün bəzən 20-30 il gözləməli olursa, xaricdə necə çap etdirsin? Üstəlik, xaricdə tələblər çox yüksəkdir. Xarici ölkələrdə kiminsə bizim əsərlərimizə istinad etməsi üçün biz əsəri əvvəlcə tərcümə etdirməliyik. Tərcümənin 1 səhifəsinin qiyməti 5-8 manatdir. Deməli, 100 səhifəlik bir əsər 500-800 manata başa gəlir. Bundan əlavə, xaricdə kitab və məqalələrin dizaynına xüsusi fikir verirlər. Əsəri interaktiv üsullardan istifadə etməklə geniş illüstrativ materiallarla təqdim etməliyik. Hər şəklin skan, fotoşop və digər proqramlarla işlənməsi şərtdir. Bütün bunlar alimin maaşının 10-15 mislinə bərabərdir. Amma xaricdə çap edilən əsərin yayımı bizə aid olmur. Həmin əsərdən alimin özünə 2-5 nüsxə göndərirlər, vəssalam. Xaricdə çap olunmağı, oxunmağı, istinad edilməyi biz də istəyirik. Amma aşa bilmədiyimiz problemlər var. Bütün bunları təklif müəllifləri də yaxşı bilir. Amma nədənsə hər şeyi dünya standartları ilə ölçsələr də, əmək haqqının standartlarından danışmaq istəmirlər".

Q.Pirquliyevanın sözlərinə görə, problemlər elm sahəsində mövcud boşluğu daha da dərinləşdirəcək: "Əslində bu qərar onsuz da elmə yaxın düşmək istəməyən gəncləri daha da uzaqlaşdıracaq. Bu gün 45-50 yaşında olan alimlərin əsərlərinin ümumi sayının cəmi 3 faizinə istinad tapmaq mümkündürsə, gənc araşdırmaçıdan nə gözləyirlər"?

Alimin fikrincə, qiymətləndirmədə uyğun yolu çox da uzaqda axtarmağa ehtiyac yoxdu: "Azərbaycanda hamı kimin necə alim olduğunu, diplomunu haradan və neçəyə aldığını yaxşı bilir. Məncə, qiymətləndirmədə ən rahat yol Türkiyə təcrübəsinin tətbiqidir. Bizə uyğun olmayan standartların tətbiqi sözün bütün mənalarında Azərbaycan elminə baha başa gələcək".

Ruhiyyə
AzNews.az