“...azacıq yanlış addım kəlləni apara bilər” “...azacıq yanlış addım kəlləni apara bilər”

Deputatdan Mikayıl Cabbarova “axırımızdır” mesajı - XƏBƏRDARLIQ

“...azacıq yanlış addım kəlləni apara bilər”



"Tam əminliklə söyləyirəm ki, ermənilər öz insanına belə bir təhsil sistemini heç vaxt rəva görməzdilər. Texniki profilli ali məktəbdə bir kafedrada olan 30 müəllimdən ən kiçiyinin yaşı 55-dir. Təsəvvür edirsinizmi ki, 50 yaşda müəllim nümunəsi qalmayıb. Aspiranturaya gəlmək istəyənlərin sayı getdikcə azalır. Kafedra müdiri üst-üstə 500 manat alır. Adi müəllimin maaşı daha alt səviyyədədir. Kostyumunun vəziyyətindən də anlaşılır ki, qocaman professorun haradansa əlavə gəlir mənbəyi yoxdur. Hansı anormal məmləkətdə 10 il, 15 il rektor vəzifəsində qalmaq mümkün ola bilər? Hansı geridə qalmış ölkədə müəllimi və tələbəni güdmək üçün auditoriyalara kameralar yerləşdirilə bilər?".

AzNews.az-ın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. O bildirib ki, test üsulu əslində təhsilin səviyyəsini xeyli aşağı salıb: "Əksər tələbələr əzbərçilikdən uzaqlaşa bilmirlər, hətta testdə doğru olaraq əzbərə qeyd etdiyi cavabı niyə yazdığını əsaslandıra bilmir".

Deputat deyib ki, ölkədə müəllim rektorun köləsi səviyyəsindədir və heç bir şəxsiyyət müstəqilliyindən danışmaq mümkwn deyil: "Bir rektor neçə vəzifə tuta bilər? Ali təhsil müəssisəsində oturmağa belə vaxtı olmur. Elmi Şuralar formal və mənasız xarakterlı bir quruma çevrilib və rektorların notarial kantorları funksiyasını yerinə yetirirlər. Azərbaycanda bir-birini təkrarlayan bu qədər keyfiyyətsiz ali təhsil ocağına (külünə) ehtiyac varmı?".

Deputat daha sonra sual edib ki, 9 milyonluq ölkədə bu qədər ixtisaslı mütəxəssis var ki, hər nazirliyin öz Akademiyası yaradılsın? "Ali Attestasiya Komissiyasına Humanitar sahədə daxil olan dissertasiyaların böyük əksəriyyəti plagiatdır və fərqli qiymətlərlə namizədlik və doktorluq işlərinin yazılması ənənəsi daha da çiçəklənməkdədir".

F.Mustafa bildirib ki, yeni təhsil naziri təyin olunanda onda belə bir ümid var idi ki, dərhal təhsil üzrə ekspertləri yığacaq, təhsil problemi haqqında ciddi bir müzakirə açacaq, fikirləri dinləyib qeydlər götürəcək və islahat xarakterli tədbirlərə başlayacaq: "Biz də anlayırıq ki, burası Azərbaycandır və təhsilin üzərindən ideologiya qılıncı elə asılıb ki, azacıq yanlış addım kəlləni apara bilər. Bununla belə, təhsil məsələsində bir az idealist olmaq yetərlidir ki, ən azı onun tam şəkildə tənəzzülünü önləsin".

Daha sonra özünə "bizim axırımız necə olacaq?" deyə sual edən deputat "təhsili bu vəziyyətdə olan məmləkətin elə, axırıdır!" deyib.

Anar
AzNews.az