“Onlar mətbuata çıxsaydılar, yanlış mənzərə alınardı”

Ceyhun Musaoğlu: “Şikayəti düzgün hazırlayıb dəqiq ünvana göndərmək lazımdır”




Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin həyata keçirdiyi 3 aylıq layihənin ikinci ayına yekun vurulub.

Bununla bağlı mətbuat konfransı keçirən JEM sədri Ceyhun Musaoğlu ötən ay nazirliklərə və dövlət komitələrinə göndərdikləri şikayətçi müraciətlərinin aqibəti barədə açıqlama verib.

Onun sözlərinə görə, müraciətlər 15 nazirlik və komitəyə ünvanlanıb: "Hələlik 5 nazirlik JEM-in qaynar xətti vasitəsi ilə onlara göndərdiyimiz müraciətlərə cavab veriblər. Əmək Məsələləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri qaynar xətlə əlaqə saxlayıb vətəndaşların problemləri ilə daha yaxından tanış olublar".

C.Musaoğlu onu da bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallıdan olan şikayətçilərlə bir başa əlaqə saxlayıb.

"Bəs müraciətlərə cavab verməyən dövlət qurumları hansıdır" sualına isə JEM sədri belə cavab verib: "Onların adını indi açıqlamaq tezdir. Layihənin bitməsinə bir ay var. Bu müddətdə biz yeni müraciətlər hazırlayıb göndərəcəyik. Bununla yanaşı həmin qurumlarla əlaqə saxlayıb hansı işləri gördükləri ilə maraqlanacağıq".

C.Musaoğlu onu da xüsusi ilə vurğulayıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin imtiyazlı təbəqəsinin problemlərinin mətbuata çıxarılmadan, ictimailəşdirilmədən müvafiq qurumlara çatdırmaq və həllinə nail olmaqdır: "JEM qarşısına qoyduğu məqsədə doğru düzgün xətt tutub. Artıq neçə vətəndaşın problemi həllini tapıb. Hansı ki, onlar mətbuata çıxsaydılar, belə görüntü yaranacaqdı ki, hakimiyyətin vətəndaşlarla işləməsində problem var. Əslində isə belə deyil. Sadəcə şikayəti düzgün hazırlayıb dəqiq ünvana göndərmək lazımdır".

Qeyd edək ki, "İctimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələrin və debatların təşkil edilməsi" istiqamətində həyata keçirilən layihənin adı "Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin problemlərini mətbuata çıxarmadan rəsmi qurumlara təqdim etmək"dir.

AzNews.az