“Əvvəl dayıma, sonra da atama siqareti tərgitdirdim“

Müsahibimin 13 yaşı var, amma həyata keçirdiyi layihə bu qızcığazı bu yaşında Türkiyədə məşhur edib.

İbtidai məktəbin 3-cü sinfində oxuyan Doğa Əkərin həyata keçirdiyi "Siqaretsiz ailəm" layihəsi ölkədə bir çox insanın siqareti tərgitməsinə səbəb olub. Əvvəlcə ailəsində siqareti tərgitmək üçün başlatdığı bu hərəkat öz səmərəsini verib - atası ilə dayısı siqareti tez bir vaxtda atıblar.

Layihənin başlaması səbəbini isə Doğanın öz dilindən eşidək:

- Doğa, necə oldu ki, bu layihəyə başlamaq qərarına gəldin?

- 3 il əvvəl atamla dayım siqaret çəkirdilər. Əvvəlcə "Ata, siqareti burax" deyə İstanbulda olan atamla dayıma ictimai mediadan səsləndim və sosial şəbəkələrdə sadə videolar yaydım. Çox insan mənə mesaj atdı və bu layihəmizə qatıldı.

- Ailən sənə kömək oldumu?

- Bəli, kömək oldu. Əvvəlcə mənə hörmət göstərdi və istədiyim iş mühitini verdi. Bununla da layihəmiz böyüdü, amma insanların siqaret buraxması çox çətin olur. Əvvəl dayım, sonra da atam siqareti tərgitdi. Layihəmizə bır neçə məşhur insanlar da dəstək verdi və layihə "Siqaretsiz ailəm" adını aldı. "Facebook" səhifəmdə 4500 adam var, bir çoxu da Azərbaycandan olduğu üçün üzvlərin sayı yüksəlir. Azərbaycandan Nado Antalyaya gəldi və evimizdə qonaq oldu. O, ortaq layihəmizə dəstək oldu. Onun da video və şəkilləri var. Uşaqları qorumaq lazımdır. 1 ədəd siqaret möhkəm orqanizmli bir insandan ömrünün 5 dəqiqəsini alır. Normal orqanizmli bir insanda isə bu, 15 dəqiqədir. Beləliklə, bu hesabla siqaret insan ömrünün 15 ilini alıb aparır.

Hər kəs bilməlidir ki, siqaret bir qatildir və yavaş-yavaş, hiss etdirmədən öldürür. Təqaüdçü olursan, nəvələrin olur, onları sevmədən ya xərçəng olursan, ya da başqa bir xəstəliyə tutulursan. Onu da deyim ki, məşhur bir siqaret markasının sahibi xərçəngdən ölüb. Uşaqlarımızı qorumalıyıq, əgər evdə, balkonda siqaret çəkirsinizsə, övladınız da bunu görürsə, o da həvəslənir və mütləq narkoman olurlar. Bunu etməməliyik. Bizə əmanət edilmiş uşaqları qorumalıyıq, onların da haqlarını unutmamalıyıq, çünki doğru, sağlam təhsil vermək hər ailənin vəzifəsidir. Siqaret bir xəstəlikdir, insanlıq günahıdır. Siqaretdən ölənlər yol qəzasında ölənlərdən qat-qat çoxdur. Siqaret çəkənin müalicə xərci həddindən artıqdır, bu da hər kəsin cibindən çıxır.

- Bu layihəni Azərbaycanda da başlamaq istəyirsən?

- Bəli, Azərbaycanın Türkiyədən bir fərqi yoxdur. Sizləri çox sevirəm və layihəmizi Azərbaycanda da dəstəkləyirlər. Əlbəttə, bunun Azərbaycanda da davam etməsini istərdim. Onu da deyim ki, irəlidə mütləq, Azərbaycanla bağlı təqdimatlarım olacaq. Azərbaycanda həyata keçiriləcək layihə buradakı layihə ilə eyni olacaq. Azərbaycanda könüllülərə ehtiyacım var. "Facebook" səhifəmə baxsanız, Azərbaycanın xüsusi bir yeri olduğunu görəcəksiniz. Azərbaycan bayrağını nə zaman görsəm, öz bayrağım kimi sarılaram. Səhifəmdəki videolara baxsanız, hamısını görərsiniz. Ora da mənimdir, bura da. Vətəninizə, sizdən birinizə bir şey olduğunda acı çəkirəm.

- Türkiyədə bu layinəni dövlət adamlarından dəstəkləyənlər varmı?

- 17 plaketim var. Bundan başqa dövlət və xüsusi sektor tərəfindən verilmiş lövhələrim var.

- Layihənizi başqa hansı ölkədə tanıtmaq istəyərdin?

- Ölkə ayırmaq səhv olar. Bütün insanlığın bu xəstəlikdən xilas olmasını istəyərdim, amma layihəmin səsini eşitdirəcəyim əsas yer türk dünyasıdır, çünki onlarla eyni dili danışdığımız üçün daha asan olacaq.

- Başqa hansı layihələrin var?

- Bir başqa layihəmiz 1200-cü illərdən günümüzə türk tarixini tanıtmaqdır. Türkiyədəki ən böyük yazarlar könüllü olaraq bu layihəmizə dəstək verirlər və kameraların qarşısına keçib bütün yaşananları izah edirlər. Bütün yazıçılarla ortaq iş nəticəsində bir kitab yazmağı planlaşdırırıq. Bu, çox gözəl olacaq.

- Sonda Azərbaycanlı gənclərə nə demək istəyərdin?

-Azərbaycanlı qardaşlarıma xüsusilə söyləmək istədiyim odur ki, siqaretli mühitə girməyin, böyüklərinizə xəbərdarlıq edin. Qapalı mühitlərdə siqaretdən özünüzü qoruyun və sizin də mütləq bir layihəniz olsun. Yaşaya bilmək üçün sağlamlıq çox əhəmiyyətlidir. Bunun üçün sağlam yaşamanın qaydasını bilmək, insan sağlamlığına zərər vuran hər şeydən, xüsusilə də siqaretdən uzaq durmaq lazımdır.

Samir Aslan
image description image description image description image description