DSMF sədri vətəndaşlar üçün qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov iyunun 12-də saat 10.00-da fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, qəbulda iştirak etmək üçün iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün info@sspf.gov.az elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.

AzNews.az