KART SİSTEMİNƏ KEÇİD HANSI PROBLEMLƏRİN HƏLLİNƏ KÖMƏK EDƏCƏK? KART SİSTEMİNƏ KEÇİD HANSI PROBLEMLƏRİN HƏLLİNƏ KÖMƏK EDƏCƏK?

Sərnişindaşımada 5 qəpik davası - ARAŞDIRMA

KART SİSTEMİNƏ KEÇİD HANSI PROBLEMLƏRİN HƏLLİNƏ KÖMƏK EDƏCƏK?




Namiq Həsənov: "Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək"

Oqtay Haqverdiyev: "Sürücülər məvaciblə işləsə, gediş haqqı kartla ödənilsə, həm xidmət yaxşılaşar, həm də peşəkar sürücülərin sayı çoxalar"

Paytaxtda sərnişindaşıma sahəsində qayda-qanun yaratmaq üçün göstərilən səylər hələ də nəticə vermir. Nəqliyyat Nazirliyinin bəzi marşrut xətlərini ləğv etməsi, bəzi xətlərdə dəyişikliklər etməsi, avtobuslara qarşı keçirilən reydlər də gözləntiləri doğrultmur. Dövlətin külli miqdarda vəsait xərcləyərək qurduğu intellektual idarəetmə sistemi bugünədək tam işləmir. Bir sözlə, yeni avtobuslar gətirilsə də, intellektual idarəetmə sistemi yaradılsa da, marşrutlar ləğv edilib, yenilənsə də, hələ də şəhər sakinləri saatlarla dayanacaqlarda avtobus gözləməli olur. Digər tərəfdən xidmətin səviyyəsi artmasa da, gediş haqları yüksəlir. Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin təklifi ilə Tarif Şurası şəhər nəqliyyatında qiymətlərə yenidən baxdı. Bu zaman bir çox marşrutlarda qiymətlər stabil saxlanılsa da, bəzi xətlərdə artırmalar oldu. Bu gün Bakı və ətraf qəsəbələrdə sərnişindaşıma ilə məşğul olan 134 marşrutda qiymətlər 20 qəpikdir. Tarif Şurasının son qərarından sonra 45 maşrutda qiymətlər 25 qəpiyə qaldırılıb. 20 marşrut üzrə gediş haqları 30 qəpik, 11 marşrutda 35 qəpik, 2 marşrutda 50, bir marşrutda 70, 4 marşrutda isə 80 qəpikdir. Tarif Şurası qərarında göstərib ki, şəhərətrafı və qəsəbələrarası marşrutlar mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb. Amma bu gün paytaxtda sərnişindaşıma ilə məşğul olan bir çox marşrutlarda gediş haqları Tarif Şurasının müəyyən etdiyi qiymətdən bahadır.

Digər maraqlı məqam ondan ibarətdir ki, bu gün respublikamızda xırda pullar o qədər də işləmir. Demək olar ki, mağazalarda və ticarət obyektlərində istehlakçılara qalıq kimi nəinki, 1, 3, hətta 5 qəpiklər də verilmir. Bunun əvəzində istehlakçılara ən yaxşı halda, kibrit, birdəfəlik çay və sair verilir. Maraqlıdır belə olan halda həmin qiyməti 25 və 35 qəpik olan marşrutlarda sərnişinlərə qalıq kimi 5 qəpik veriləcəkmi?

"Gediş haqlarının 25 qəpik müəyyənləşdirilməsi əslində formaldır"

Apardığımız kiçik bir müşahidə zamanı əksər hallarda sürücülərin qalıq pulları sərnişinlərə qaytarmamasının şahidi olduq. Artıq Nərimanov metrosundan Binəqədi qəsəbəsinə hərəkət edən 155 və metronun 20 yanvar stansiyasından Müşfiq qəsəbəsinə gedən 109 nömrəli avtobusda gediş haqqı artırılıb. 155 saylı marşrutdan mütəmadi istifadə edən Vüqar Ağayevin sözlərinə görə, iki nəfər üçün gediş haqqı ödəyəndə 50 qəpik verirlər: "Bu zaman sürücü pulu qəbul edir və heç bir narahatçılıq yaranmır. Əsas problem bir nəfər üçün gediş haqqı ödənilərkən baş verir. 30 qəpik ödəsək də, qalıq pul qaytarılmır. Amma 20 qəpik ödəyəndə əksər sürücülər bunu qəbul etmir. Bu da göstərir ki, gediş haqlarının 25 qəpik müəyyənləşdirilməsi əslində formaldır. Sərnişinlərdən gediş haqqı olaraq 30 qəpik alınır".

Müşfiqabad qəsəbə sakini Emin Mehdiyev də istifadə etdiyi marşurutda gediş haqqı olaraq sərnişinlərdən 30 qəpik alındığını bildirdi: "Marşrutda sərnişinlərə qalıq pul kimi 5 qəpik qaytarılmır. Bu marşrutda Tarif Şurasının son qərarından öncə də gediş haqqı 30 qəpik olub. Tarif Şurasının sonuncu qərarından sonra bildik ki, 109 saylı marşrutda qiymətlər 25 qəpikdir. Hazırda 25 qəpik ödəyəndə belə sürücülər bizdən 30 qəpik tələb edir".

Sürücülər isə qiymətləri məsafənin uzaqlığı ilə izah edir. Həm 109, həm də 155 saylı marşrutların sürücülərinin sözlərinə görə, bu marşrutların sərnişinlərinin əksəriyyəti birinci dayanacaqda minib sonuncu dayanacaqda düşənlərdir. Buna görə də avtobusda hər dəfə bəlli sayda sərnişin daşınır. Sürücülərin sözlərinə görə, belə olan halda 20-25 qəpiyə işləmək sərf etmir: "Əgər qiymətlər 25 qəpik olacaqsa, o halda gərək plan da aşağı salınsın. Sürücülər gündəlik plan ödəyirlər. Ödənilən pul avtobusların oturacaq yerlərindən asılı olaraq müəyyənləşdirilir. Bundan başqa sürücülər gündəlik dispetçer və həkim müayinəsi üçün də pul ödəməli olurlar. Bütün bu xərcləri qarşılamaq üçün isə sürücülər daha çox işləmək və daha çox sərnişin götürmək məcburiyyətində qalırlar. Amma elə marşrutlar da var ki, orada işləyən avtobuslarda onsuz da sərnişin sıxlığı olur".

"Sərnişinlərdən Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən artıq gediş haqqı alınması yolverilməzdir"

Qiymət artımına münasibət bildirən Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə sürücülərin qiyməti özbaşına artırmasının yolverilməz olduğunu bildirdi: "Nəqliyyat Nazirliyi insanların rahat gedib-gəlməsi üçün bir neçə avtobusun marşrutunun məsafəsini uzadıb. Nəqliyyat Nazirliyi bu marşrutları optimallaşdırıb. Tarif Şurasının qərarı ilə yalnız həmin avtobuslarda qiymətlər dəyişib. Bu da cəmi dörd-beş marşrutdur. Qiymətlər həmişə bu cür müxtəlif olub. Bütün marşrutlarda eyni qiymət olmayıb. Tarif Şurası şəhərdaxili bütün avtobuslarda gediş haqqının artırılması, tariflərin dəyişməsi məsələsinə baxmayıb, ona görə də qiymət artımından söhbət gedə bilməz. Məsafəsi uzadılan marşrut sürücülərinin sərnişinlərdən Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən daha artıq gediş haqqı alması yolverilməzdir. Əgər bununla bağlı Nəqliyyat Nazirliyinə məlumat daxil olsa, tədbir görüləcək".

Əksər ekspertlər isə gediş haqları ilə bağlı rast gəlinən problemlərin həlli yollarının artıq əksər ölkələrdə tapıldığını bildirir. Elə qonşu Türkiyədə sərnişinlər müvafiq kartlar almaqla şəhər nəqliyyatından istifadə edə bilərlər. Elə kartlar var ki, onlardan nəinki, sərnişin avtobuslarda, həm də metroda, tranvayda, elektrik qatarlarında istifadə edirlər.

Namiq Həsənov deyir ki, problemlərin bir çoxu yaxın vaxtlarda tam həllini tapacaq: "Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda - sərnişin avtobuslarında elektron ödəmə sisteminin tətbiqinə başlayır. Artıq nəqliyyatda ödəmə kartlarının elektron ödəmələrlə bağlı proqram təminatı və onun prosessinq mərkəzləri ilə əlaqəsi sınaqdan keçirilib. Avtobuslarda elektron ödəmələrə başlanması ölkə ərazisində mobil ödəmə qurğularının kütləvi tətbiqi ilə bağlı ilk təcrübə olacaq. Sistemin işi bir neçə mühüm istiqamətləri əhatə edir. Bunlar kartların tətbiqi, onların balansının artırılması, gediş haqlarının ödənilməsi, bölüşdürülməsidir. Artıq kartların istifadəsi ilə bağlı qaydalar da tam hazırdır. Amma nəqliyyatda ödəniş vasitəsi kimi adi plastik kartlardan istifadə etmək mümkün olmayacaq. Bunun üçün ayrıca kart buraxılacaq. Amma həmin kartdan gələcəkdə digər nəqliyyat xidmətlərinin dəyərinin ödənilməsində istifadə etmək mümkün olacaq. Nəqliyyat kartından avtomobillərin parkinqi, metro və taksidə, gələcəkdə isə xırda ticarət imkanları üçün də ödəniş vasitəsi kimi istifadə oluna biləcək. Artıq elektron ödəmələr üçün avtobuslarda ödəmə qurğularının quraşdırılmasına başlanılıb. İndiyədək 100-dən artıq avtobusda aparatlar quraşdırılıb. Validatorların Türkiyədən gətirilməsi prosesi davam edir və yaxın günlərdə bu avtobusların sayı 500-ə çatdırılacaq. Bundan sonra artıq kartla ödənişin tətbiqinə başlayacağıq. Hələlik 29 marşrutda bu sistemin tətbiqi nəzərdə tutulub. Oktyabrın əvvəlinədək paytaxtın bütün ictimai nəqliyyatı tamamilə elektron ödəməyə keçəcək. Bu sistem vətəndaşların rahatlığına xidmət edəcək. Bu ödəmə sistemi vasitəsilə sərnişinlərlə sürücülərin arasında nağd pul istifadəsi aradan qalxacaq. Bu sistemdə ən diqqətçəkən yenilik avtobuslarda sürücülərin maaşla işləyəcəyi ilə bağlıdır. Lakin sürücülərin məvacibini Nəqliyyat Nazirliyi deyil, avtobus xətlərini işlədən sahibkarlar müəyyən edəcək. bundan sonra artıq sürücülər sərnişinlərdən əlavə pul ala bilməyəcək. Sahibkarlar da Tarif Şurasının təyin etdiyi qiymətdən artıq tarif müəyyənləşdirə bilməyəcək".

"Sərnişin avtobuslarında kartla ödəniş sisteminə keçiddən sonra avtobus qəzalarının sayı da azala bilər"

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Oqtay Haqverdiyev də o qənaətdədir ki, kart sisteminə keçəndən sonra sürücülərin məvacib sistemi özü-özünə bərpa olunacaq: "Çünki sürücünün əlinə pul dəyməyəcək. Sahibkar da pulu kart vasitəsilə sərnişinin ödədiyi pul əsasında bank hesabından alacaq. Avtomatik olaraq sürücü sahibkarla aylıq məvacibi danışacaq. Nazirlik isə sürücülərin maaş sisteminə qarışmayacaq. Sürücülərə əmək haqqı isə qanun çərçivəsində verilə bilər. Başqa sözlə sürücüyə əmək haqqı müqavilə əsasında verilməlidir. Əmək haqqı müqaviləsi bağlanmalı və sürücü həmin müqavilə şərtləri altında işləməlidir. Sürücünün əmək haqqı düzgün hesablanmalıdır. Özü də "Əmək müqaviləsi"ndə sürücünün də, sahibkarın da maraqları nəzərə alınmalıdır. Sürücü ilə sahibkar arasındakı "Əmək müqaviləsi"nə isə konkret olaraq Nəqliyyat Nazirliyi birbaşa nəzarət etməlidir. Əgər belə olsa, yeni sistem tətbiq olunandan sonra, hətta 300-400 manata da işləmək istəyən sürücü çox olacaq. Sürücülər məvaciblə işləsə və gediş haqqı kartla ödənilərsə, həm xidmət yaxşılaşar, həm də peşakar sürücülərin sayı çoxalar. Bu zaman sərnişindaşımada xidmət yüksək səviyyəyə qaldırıla bilər. Sərnişin avtobuslarında kartla ödəniş sisteminə keçiddən sonra avtobus qəzalarının sayı da azala bilər. Çünki sürücülər daha çox qazanc əldə etmək məqsədi ilə nəqliyyat vasitələrini necə oldu idarə edir".

Ekspert getdikcə bu prosesin daha da təkmilləşdirilməsinin vacibliyini bildirdi. Bu sistem inkişaf etdikcə, sərnişinlərin rahatlığı da nəzərə alına bilər. Sərnişin avtobuslarında ödənişlərin kart sisteminə keçməsinin müsbət tərəfləri göstərilsə də, avtobus sürücüləri burada bəzi problemlərin yaranacağını istisna etmirlər. Onlar əsas problemin maaşın necə tətbiq olunacağında görürlər. Gün ərzində ən azı 40-50 manat qazanan sürücülər kart sisteminə keçiddən sonra onlara veriləcək məvaciblərin az olmasından ehtiyat edirlər. Problemin necə çözüləcəyini isə zaman göstərəcək.


Xalid
AzNews.az