Sərdar Cəlaloğlu qardaşının həbsindən danışdı

"Qurban Məmmədovu Rusiyanın hakimiyyətdəki adamları həbs edib"

"Qurban Qurbanovun həbsinə göstəriş verənlər hakimiyyət daxilində Rusiyaya işləyən qrupların adamlarıdır. Biz, son zamanlar Rusiyanın Milli Şura vasitəsilə ölkəmizdə bir sıra oyunlar planladığını deyirik. Hakimiyyətdaxili həmin qüvvələr də buna daha əlverişli zəmin yaratmaq üçün bu cür qanunsuz həbslər həyata keçirirlər".

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı, tanınmış vəkil Qurban Məmmədovun həbs edilməsinə münasibət bildirərkən deyib.

S.Cəlaloğlu bildirib ki, son günlərdə Qərbin, ABŞ-ın Azərbaycan hakimiyyətinə verdiyi dəstək göz önündəndir: "Avropalı yüksək vəzifəli diplomatların son açıqlamalarına, XİN başçısı Elmar Məmmədyarovun ABŞ dövlət katibi Con Kerri ilə görüşməsi faktına və s. nəzər salsaq, bu dəstəyi açıqca görə bilərik. Hakimiyyətdəki Rusiya meylli adamlar isə bunu istəmirlər. Ona görə də bu cür həbslərlə ölkədəki vəziyyəti gərginləşdirmək, Rusiyanın planlarının həyata keçməsinə daha münbit şərait yaratmaq istəyirlər".

Qeyd edək ki, dünən vəkil Q.Məmmədov haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, qəza törədərək adam yaralamaqda, daha sonra həmin şəxsi təhdid edərək, ifadəsini dəyişdirməyə məcbur etməkdə ittiham edilir.

Anar
AzNews.az