Valideyn məsuliyyətinin artırılması ilə bağlı qanun hazırlandı

Beynəlxalq Miqrasiya Təşkilatı "İnsan alverinə qarşı mübarizə aylığı" çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli QHT Forumu ilə birgə "İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək" mövzusunda dəyirmi masa keçirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin proqram əlaqələndiricisi Səltənət Məmmədova dəyirmi masada uşaqların baxımsızlığına şərait yaradan səbəb və hallar, onların aşkar edilməsi və aradan qaldırılması, insan alverinin qurbanı olmuş və ya potensial insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə sosial, hüquq və pedoqoji tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi məsələlərinin müzakirə olunacağını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı həyata keçirilən Dövlət proqramları barədə məlumat verib. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası var və zaman keçdikcə təkmilləşdirilir.

Aynur Sofiyeva qeyd edib ki, Nazirlər Kabineti yanında Uşaq hüquqları ilə bağlı Komissiya da fəaliyyət göstərir. O, uşaq baxımsızlığı və hüquq pozuntularının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb: "Əsas vacib məsələlərdən biri uşaqlar arasında maariflənmənin aparılmasıdır.

Uşaq təşkilatlarının yaranmasında Dövlət Komitəsinin də dəstəyi olub". O, valideyn məsuliyyətsizliyinə də toxunub: "Ümumiyyətlə, uşaqlarla bağlı bütün problemlərin kökündə valideyn məsuliyyətsizliyini görürük. Valideyn məsuliyyətinin artırılması istiqamətində Dövlət Komitəsi tərəfindən qanunvericilik paketi hazırlanıb və müvafiq qurumlara təqdim olunub. Müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə Monitorinq Qrupu yaradılıb, regionlarda monitorinq aparılıb və müvafiq təkliflər hazırlanır".

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bu günün "İnsan alverinə qarşı mübarizə aylığı"nın son günü olduğunu, ancaq uşaqların hüquqlarının müdafiəsi sahəsində son gün olmadığını bildirib. O qeyd edib ki, 2016-cı ilə kimi uşaqların insan alveri də daxil olmaqla, bir çox problemlərinin aradan qaldırılması məqsədinin olduğunu vurğulayıb. Aktoprak deyib ki, dünyanın bir çox ölkələrlə müqayisə edildikdə, Azərbaycanda bəzi müsbət məqamlar var: "Məsələn, uşaqlar silahlı münaqişələrə cəlb olunmur. Ancaq Azərbaycanda başqa problemlər var. Bu sırada uşaq əməyindən istifadə, onların seksual istismarı problemi var. Bu gün dünyada 800 mindən çox uşaq insan alverinin qurbanı olur. Digər tərəfdən, qapalı qapılar arxasında uşaqların üzləşdikləri problemlər də var". Aktoprak bildirib ki, QHT-lərlə əməkdaşlığımız nəticəsində Azərbaycanda da ciddi problemlərin olduğu məlum olub. Bu kimi tədbirlərin davam etməsini zəruri sayan Serhan Aktoprak gələcəkdə həyata keçirilməli olan fəaliyyətlərin onların hansı qurumlar tərəfindən həyata keçirilməli olduğunun müəyyənləşdirilməsini vacib hesab edib: "Bugünkü görüş çərçivəsində növbəti görüşün tarixi də müəyyən edilməlidir. Növbəti görüşdə o vaxta qədər atılacaq addımlar müzakirə olunmalıdır. Biz konkret fəaliyətə keçməliyik. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək. Biz imkanlarımız çərçivəsində çalışmalıyıq".

Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim sosial çarxların cizgi filmi halına salınmasını təklif edib. O qeyd edib ki, uşaqların cizgi filmləri personajlarına bənzəməyə çalışmaları da sirr deyil və bu məqam nəzərə alınmalıdır.

AzNews.az