Elşad Abdullayev Mətanət İsgəndərliyə xəbərdarlıq etdi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Müstəqil İstintaq Komissiyasına müraciət edib.

Modern.az-ın məlumatına görə, E.Abdullayev "Yeni Müsavat " qəzetinin 05 iyun 2013-cü il tarixli sayında dərc olunmuş müğənni Mətanət İsgəndərlinin istintaqa verdiyi ifadələrlə bağlı bir sıra məsələləri qeyd edib.

E.Abdullayevin həm də modern.az saytına göndərdiyi müraciətində bildirilib ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat açıq-aşkar fəaliyyət göstərir. Onun müraciətini ixtisarla oxucuların diqqətinə çatdırırıq.

"Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi və hörmətli vəkilim Adil İsmayılovdan xahiş edirəm ki, mənim tərəfimdən bu günə qədər sosial şəbəkələrdə və KİV-də ictimailəşmiş bütün video-audieo faktları AR Baş Prokurorluğu yanında Müstəqil İstintaq Komissiyasına (MİK) vəsatət versin və MİK tərəfindən onların hər birinə obyektiv və qərəzsiz hüquqi qiymət verilsin. Lakin, bir hüquq professoru kimi hesab edirəm ki, hazıra qədər MİK 8 aydan çox fəaliyyət göstərməsinə baxmayaraq bizim tərəfimizdən verilən vəsatətlərin birinə də olsa belə, düzgün hüquqi qiymət verməmişdir".

E.Abdullayev MİK-i Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərməktə ittiham edib. Bildirib ki, komissiya Mahir Abdullayevin artıq bütün dünyaya məlum olan oğurluq işini hər vəchlə ört-basdır etməyə çalışır.

E.Abdullayev mügənli Mətanət İsgəndərlinin istintaqa verdiyi ifadələrin heç birinin həqiqətə uyğun olmadığını vurğulayıb.

"Müğənni Mətanət İsgəndərlinin bu ifadəsi bizim qohum-əqrəbanı bir-birinə qarşı qoymağa hesablanmışdır"- deyə o, bildirib.

"Müğənni Mətanət İsgəndərli MİK-ə ifadə verib ki, Mahir onu heç bir qadınla aldatmır. Onun bu ifadəsi də həqiqətə uyğun deyildir. Belə hesab edirəm ki, bu ifadəni Mətanətin adından yazan advokat-qəzetçi nə qədər əxlaqdan kənar olmalıdır ki, atasını səbirsizliklə gözləyən azyaşlı uşaqların qəlbini qırsın ...!!! ???".

E.Abdullayev bildirib ki, Mahir Abdullayevə böhtan atanlar onun MTN zabiti, idmançı və ziyalı kimi tərcümeyi-halını dərindən bilməlidirlər.

"Şəxsən mən qardaşım Mahir Abdullayevlə fəxr etmişəm və həmişə də fəxr edəcəyəm. Məni yaxından tanıyanlar da bunu yaxşı bilirlər və bizə qoşulurlar. Mahirə pulumuz da , canımız da qurbandır, qardaşını qoruya bilməyən vətəndaş dövlətini, torpagını, vətənini, Konstitusiyasını, Prezidentini, dövlət bayrağını da qoruya bilməz…".

E.Abdullayev müraciətində yazıb ki, qardaşı Mahir bir MTN zabiti kimi ona dəfələrlə bildirib ki, "şeytan yuvasına" getməyi vəzifə borcu ilə bağlıdır, böyük bir cinayətin izinə düşüblər, artıq rəhbərlik tərəfindən razılıq vardır, 15 oktyabr 2003 il tarixli Prezident seçkilərindən dərhal sonra "Qarabulaq" Hacı Məmmədovun bandası, habelə "El qızı" Mətanət İsgəndərli qarışıq həbs olunacaqlar. Keciriləcək əməliyyatın adı da "El qızı" əməliyyatı olacaq.

E.Abdullayevin sözlərinə görə, Mətanət Məmmədəli qızı İsgəndərli 10-cu ildir ki, Mahirin oğurluq cinayətini bilə-bilə gizlətdiyinə görə, istintaqı aldatdığına və yalan ifadə verdiyin görə Cinayət Məcəlləsi ilə ağırlaşdırıcı hal kimi cinayət məsuliyyətinə cəlb olunmalıdır.

"Eyni zamanda, həyatı təhlükə altındadır, bu cinayəti açmadığına görə onu da Sevinc Babayeva sayağı izsiz-tozsuz yox edib qanını batıracaqlar".

E.Abdullayev Mətanət İsgəndərlinin Mahirin qayınatası Şamil Şahməmmədov haqqında istintaqa verdiyi ifadəni cəfəngiyyat adlandırıb.

Fransada mühacirətdə olan E.Abdullayev müraciətində müğənni Mətanət İsgəndərliyə bir necə sual da ünvanlayıb:

"Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat olduqca ciddi qaydada vahid mərkəzdən idarə olunur. Belə ki, Mətanət bir ay öncə KİV-də bəyanat vermişdi ki, ona Mahir Abdullayev haqqında danışmaq qəti qadagan edilib. Görəsən sizə belə qadağanı kim qoyubdurubdur??? Adını deyə bilərsinizmi ???

Mütəşəkkil dəstənin bir mərkəzdən idarə olunması işdə təsdiq olunur. İctimailəşmiş bütün video faktlarda mənim üstümə gələn banda üzvləri hamısı deyir ki, Mahir sağdır. Bunu haradan bilirlər???

Bandanın bir mərkəzdən idarə olunan və mənim üstümə gələn cinayətkar ünsürləri qeyd edirlər ki, Mahir hökumət orqanında saxlanılır. Biri deyir "KQB"-dədir, biri də deyir ki, polisdədir, digəri qeyd edir ki, prokuror oğurlayıb. Belədir?

Müstəqil İstintaq Komissiyasında Mahirin oğurlanmasına dair cinayət işini aparan bütün istintaqçılar hansı vəzifəyə irəli çəkilib?"

E.Abdullayev onu da bildirib ki, müğənni Mətanət İsgəndərli haqqında hələ 21 aprel 2009-cu il tarixində və 05 yanvar 2010-cu ildə Prezident İlham Əliyevə, Baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova ərizə ilə şikayət edib:
"Həmin şikayətimdə Mətanət İsgəndərlinin mütəşəkkil cinayətkarlıqda iştirakı təkzibolunmaz sübutlarla təsdiq olunub. Lakin, Müstəqil İstintaq Komissiyasında mənim şikayətlərimə düzün hüquqi qiymət verilməmişdir ki, guya mən düz danışmıram. Bir hüquqşünas kimi mənim bütün danışıqlarım video-audieo faktlara əsaslanır. Belə cıxır ki, mən Heydər Əliyevə heykəl qoyanda düz danışırdım, Strateji Araşdırmalar Mərkəzi yaradanda düz danışırdım, dövlətçilik haqqında çoxsaylı kitablar nəşr etdirəndə düz danışırdım, YAP-ın 3 qurultayında iştirak edəndə düz danışırdım, amma şikayət edəndə yox? Hər kəsə gün kimi aydındır ki, həmin illərdə "tanınmış" advokat Ramiz Zeynalov və qəzetçi Asif Məmmədov ("Təzadlər" qəzetinin baş redaktoru) Azərbaycan dövlətçiliyinə arxadan zərbələr vururdular. Halbuki, bizim dövlətçilik haqqında yazdığım kitablar "məlikməmməd nağılı" danışan advokat-qəzetçinin hər ikisinin xüsusi çəkisindən on dəfə ağırdır.

Belə çıxır ki, hazırda haqqımı tələb etdiyimə görə düz danışmıram, oğurlanmış MTN zabiti Mahir Abdullayevin geri qaytarılmasına görə düz danışmıram, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etdiyimə görə düzgün danışmıram…".


AzNews.az