“Şərif Ağayar kimi yüzünə dərs deyərəm”

Yazıçılar Birliyi ilə şair Şərif Ağayar arasında başlanan və yazarın AYB-dən çıxarılmasıyla nəticələnən qalmaqal dünən APA televiziyasında davam edib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bildirdi ki, APA Şərif Ağayarın tərəfindən çıxış etməklə haqsızlıq edib:

"APA televiziyasında Şərif Ağayarla üz- üzə gəldim. Mən orada bir şeyin şahidi oldum. APA-da çalışanlar və aparıcının özü belə bir təəssürat yaratdı ki, guya istedadlı şair Şərif Ağayar AYB-də qeyri-demokratik çərçivə ilə üzləşib. Bir nəfəri təmizə çıxarmaq üçün hansı məqsədlərə xidmət etdikləri məlum deyil. Əgər kimisə ora çağırıb hamarlamaq, tumarlamaq istəyirlərsə, bunu mənə qabaqcadan deyərdilər. Mən də dezodrant aparardım, onu tumarlayardım ki, Şərif doğrudan da bir cəngavərdir".

Ə.Əsgəroğlu Şərif Ağayarın yazısına da münasibət bildirdi: "Əkrəm Əylisli "Daş yuxuları"la "qalmaqal" yaradanda Şərif Ağayar onu müdafiə etdi. Ondan 4 ay əvvəl Əkrəm Əylisli məni təhqir etmişdi. Mən ona cavab verəndə isə dedi ki, "Ədalət Əsgəroğluna cavab vermək mənə əskiklik gətirir". Mən də cavab verdim ki, məgər məni təhqir edəndə sənə baş ucalığı gətirmişdi ki, indi də cavab vermək əskiklik gətirsin. İndi də Şərif Ağayar Əkrəm Əylisli yolu gedir. Yazır ki, "mənim təfəkürüm, ağlım imkan vermir ki, Ədalət Əsgəroğluna cavab verim". Ədalətin ağlı da yerindədir, savadı da. Şərif kmi yüzünə dərs deyərəm".

Bahar Rüstəmli
AzNews.az