TOYA TƏLƏSƏN HƏKİM, OKSİGEN BALONLARI VƏ DÜNYASINI DƏYİŞƏN KÖRPƏ TOYA TƏLƏSƏN HƏKİM, OKSİGEN BALONLARI VƏ DÜNYASINI DƏYİŞƏN KÖRPƏ

Ağdaşda qan donduran olay: Körpə ölümünün şok TƏFƏRRÜATLARI

TOYA TƏLƏSƏN HƏKİM, OKSİGEN BALONLARI VƏ DÜNYASINI DƏYİŞƏN KÖRPƏ



Məlum olduğu kimi, iyunun 6-da Ağdaş rayonunda həkim səhlənkarlığı daha bir körpə ölümü ilə nəticələnib. AzNews.az-a rayondan verilən xəbərə görə, Ağdaş rayon Diaqnostika Mərkəzində keyser əməliyyatı olunan rayonun Aşaği Ləki kənd sakini Ayşən Şaiq qızı Məmmədovanın uşağı ölüb.

Ailənin yaxını Baqi Şıxməmmədov AzNews.az-a bildirib ki, doğuş normal keçib. Həkim də onlara deyib ki, ananın və uşağın vəziyyəti yaxşıdır: "Uşaq 3 kq 300 qr olub. Lakin ağciyəri açılmadığından doğulan kimi ona oksigen verilməliymiş. Uşaq həkimi Sevinc Paşayeva isə toya gecikdiyindən lazım olan işi görməyib. Sonradan uşaq qaralmağa başlayıb. Həkimə xəstəxanadan zəng edəndə isə deyib ki, mən saçıma rəng qoyuram, toya getməliyəm. Vəziyyətin ağırlaşdığını görüb, uşağı Gəncəyə çatdırmağa çalışıblar. Əvvəlcə oksigen yastıqları ilə yola çıxsalar da, yolda onlar da qurtarıb və ağızları ilə uşağa süni nəfəs veriblər. Lakin Gəncədə deyiblər ki, uşaq doğulan kimi ona oksigen verilməliymiş. Odur ki, artıq gecdir".

B.Şəxməmmədovun sözlərinə görə, ailənin uzun müddət yolunu gözlədiyi bu uşaq itkisi onlara çox ağır təsir edib: "Bu uşağı düz 5 ildir, gözləyirlər. Bir oğlu olsa da, ikinci uşağa həkimlər icazə vermirdi. Baş həkim Nuru Nuriyevin də yanında olmuşuq. Deyir ki, xəstəxananın anbarında kifayət qədər açılmamış oksigen balonları var. Mən başa düşmürəm, o balonları kimin üçün saxlayırlar? Niyə bu ana və uşaq ölümü ancaq Ağdaşda baş verir. Nuru Nuriyev ancaq pul yığmağı bilir".

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuriyev isə AzNews.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi müəssisədə oksigen istehsal edən stansiya var. Həmin stansiya Ağdaş da daxil olmaqla beş rayonu təmin edəcək gücdə fəaliyyət göstərir. Uşağın ölümü isə oksigen çatışmazlığı ilə bağlı deyil. Uşaq qüsurlu doğulub, yəni onda tənəffüs qabiliyyəti aşağı olub. Onda müşahidə olunan tənəffüs çatışmazlığı bir neçə səbəblə izah edilə bilər. Bu gün cəsəd yarılıb və həmin səbəbin nə olduğunu tibbi ekspertiza müəyyənləşdirəcək".

N.Nuriyev körpənin ölməməsi üçün xəstəxananın lazım olan hər şeyi etdiyini söyləyib: "Bu cür doğulan körpələr daha yüksək xidmət göstərən Dental mərkəzlərdə müalicə olunmalıdır. Biz də xəstəni yüksək səviyyəli tibbi heyətlə hər cür şərait yaradaraq Gəncədəki Perinatal mərkəzə göndərdik. Maşinda da uşağa hər cür yardım göstərilib. Hətta tənəffüsün yatmaması üçün ağızla süni nəfəs verilib. Gəncədə də həkimlər uşağı xilas etmək üçün 7 saat mübarizə aparıb. Lakim körpəni xilas etmək mümkün olmayıb".

Həkim səhlənkarlığı ilə bağlı xəstə yaxınlarının dedikləri ilə razılaşmayan baş həkim iş saatı bitdikdən sonra həkimin harada olmasının heç kimə aidiyyatı olmadığını bildirib. Onun sözlərinə görə, uşağın vəziyyəti həkimin iş saatı bitdikdən sonra pisləşib. Xəstəxana isə üzərinə düşəni edib.

Baş həkim isə xəstə yaxınlarından xəctəxanada hay-küy saldığını, şüşələri sındırdığını, həkim və xəstələri narahat etdiyini də deyib: "Onları başa düşürəm. İtkiləri var. Ancaq hiddətlə heç nə həll olunmur. Onlar Səhiyyə Nazirliyinə də, Rayon Prokurorluğuna da müraciət edib. Biri hüquqi məsuliyyəti, digəri isə mütəxəssis kimi ölüm səbəbini müəyyənləşdirib ona uyğun həkimin məsuliyyətini müəyyənləşdirəcək. Ona görə də qanun çərçivəsində məsələnin həllini gözləmək lazımdır".

N.Nuriyev Ağdaşda ana və uşaq ölümü ilə bağlı faktların tez-tez baş verməsinə də münasibət bildirib: "Bu kimi hallar rayonların hamısında olur. Hər yerdə ana ölümü də, uşaq ölümü də baş verir. Ancaq başqa rayonlardan xəbər çıxmır. Ağdaşda isə baş verənləri bütün respublika bilir. Ad çəkə bilmirəm, ancaq oturub burada baş verənləri yaymaqla məşğul olanlar var".

Ruhiyyə
AzNews.az