Zamin Hacı Zamin Hacı

Məzmunlu görüş

Zamin Hacı



Xarici işlər nazirimiz Elmar Məmmədyarov xaricdən təzə qayıdıbdır, jurnalistlər üçün brifinq keçiribdir. Burada bir haşiyə çıxaraq qeyd edim ki, "jurnalistlər üçün brifinq" anlayışını deyəsən elə bizim jurnalistlər kəşf ediblər. Sanki baytarlar, tacirlər, sürücülər, müəllimlər üçün də birifinq olurmuş. Rəhmətliyin uşağı, birifinq elə jurnalistlər üçün olur da bə!?

Bəli, Elmar bəy jurnalıstlər üçün brifinqdə (palaza bürün, elnən sürün) Londondan təzə qayıtdığını, orada yaxşıca əyləndiyini, bazarlıq elədiyini söyləmişdir. Yox, bunları söyləməyib, deyib çalışırıq ATƏT Minsk Qrupunun həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü düzəldək. Ancaq hələlik ortada bir şey yoxdur. Nəyə görə ortada heç zad yoxdur, Məmmədyarov bunu da izah edibdir. Sitat: "Biz istəyirik görüş olsun ki, məzmun keçirilməsin nədən ötrü prezidentlər xətrinə görüşlər olmasın". Sitatın sonu. Cümlənin suaxili dilindən tərcüməsi belədir ki, Elmar müəllim prezidentlər arasında görüşün məzmunlu olmasını istəyir, görüşün görüş xatirinə olmasını istəmir.

İndiyə qədər prezidentlər arasında bəlkə 123 dəfə, xarici işlər nazirləri arasında da 1234 dəfə görüş olubdur, bunlardan hansı məzmunlu olub? Əlbəttə, hamısı. Əksini fikirləşməyə haqqımız da yoxdur, adamı tutarlar, aparıb zindanda ayağından asarlar.

Prezidentlər arasında hər bir görüş bizi münaqişənin ədalətli həllinə doğru bir addım yaxınlaşdırmışdır. Məsələn, ermənilər iqtisadi çətinlik üzündən öz ölkələrini tərk edirlər, Şuşada və Zəngilanda xaricdən gətirilən erməni ailələri məskunlaşdırılır, Rövnəq Abdullayev Ermənistana qaz verməyimizin mümkünlüyünü açıqlayıb, Xocalı aeroportu hazır vəziyyətdədir, ordumuz günü-gündən qüvvətlənir, Silahlı Qüvvələrə yardım fonduna hər bir dükançıdan pul alınmışdır və sairə. Belə ziddiyətli, qarışıq durumda problemin həlli üçün daha nə etmək olar? Ən doğru yol, bəlkə də başını rahat bir mütəkkəyə söykəyib pürrəngi çaydan hortuldadaraq yatmaq olardı. Hər halda, mən bilmirəm münaqişəni nə cür həll etmək olar. Ancaq zaman keçdikcə Qarabağın yolunu tanıyanların sayı sürətlə azalır, buna yüz faiz əmin ola bilərsiniz. Hətta Hacıbala Abutalıbovun dediyi "əmin olun" ifadəsindəki qədər əmin ola bilərsiniz.

Zarafat deyil, bu hakimiyyət düz 20 ildir "bu gün, sabah torpaq azad ediləcək" deyərək millətin başını tovlayır. Təbii ki, millət özü də tovlanmağa meylli görsənir, çünki tarix min illərdir sübut edibdir: əgər millət tovlanmağa meylli olmasa heç kim onu tovlaya bilməz. Bu 20 ilin əvvəlində - ən çox torpaq itirdiyimiz 1993-cü ildə doğulan uşaqlar böyüyüblər, məktəbə gediblər, sonra onlardan oğlan xeylaqları əsgərliyə gedib, xidməti çəkib geri qayıdıblar, qız xeylaqları da əsgərlik müddətində bunlara ağlamalı məktublar yazıbdır. İndi həmin oğlanlar "nol yeddi" alıb təkərini qaldırırlar, işğalla yaşıd qızlarla evlənib işğaldan xəbərsiz 2-ci nəsli yetişdirməyə başlayırlar. Siz bunun nə demək olduğunu başa düşürsünüzmü? Artıq uşaqlar doğulur ki, onlar "mənim babam filan rayondan olub, orda qabaqlar azərbaycanlılar yaşayırmış" deyəcəklər. O uşaqlar üçün həmin rayonların, kəndlərin nə əhəmiyyəti olacaq?

Bəs nə etməli? Doğrudanmı "bir kişi oğlu tapılıb götürüb o daşı İsrafilin başına vurmayacaq"? Halbuki, hər şey elə ordan başlanmışdı. Armud ağacından, daşa basılan avtobus və qatarlardan, yandırılan evlərdən və maşınlardan... Deyəsən biz oralara gedə bilmədikcə, oralar bizə tərəf gəlir.

Nə qədər gec deyil, bir ərazi müəyyən edib, torpaqlarımızla məzmunlu görüş düzəltməliyik.

AzNews.az