Bahar Muradova: “Sosial şəbəkələr nəzarətə götürülə bilər“

"Konkret olaraq hansısa qanunlara dəyişikliklər edilməsindən söhbət getmir".

AzNews.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova uşaqların internetdən istifadəsinə məhdudiyyətin qoyulması ilə bağlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məhdudiyyətlə nəzarətin fərqi var. B. Muradova qeyd edib ki, konkret bu məsələ ilə bağlı hansısa qanunlara, hansısa sahələrdəki fəaliyyətə nəzarət və məhdudiyyətdən söhbət getmir.

"Sadəcə fikir mübadiləsi gedir və müsbət təcrübələr öyrənilir. İndidən söyləmək çətindir ki, Azərbaycan bütün bu işlərdən sonra hansı addımları atacaq və hansı dəyişiklik olacaq. Hansı dəyişiklik diktə olunacaqsa, o dəyişikliyi etmək zəruridir. O ki qaldı ailələrdə, xüsusi tərbiyə müəssisələrində uşaqların psixikasına pis təsir edən zərərli məlumatların yayılmasına və onların nəzarətdə saxlanılması prosesinə, bu hər bir ölkənin qarşıda dayanan vəzifəsidir. Bununla bağlı beynəlxalq öhdəliklərimizi də var. Mən özüm ATƏT Parlament Assambleyasının üzvüyəm. Bu təşkilat çərçivəsində ildə bir neçə dəfə kibertəhlükəsizlik məsələsini gündəmə gətiririk. Bu təkcə uşaqlarla bağlı məsələ deyil. Ən müxtəlif məsələlərlə bağlı kibertəhlükəsizlik problemi dünyanı narahat edir. Sosial şəbəkələrin nəzarətə götürülməsindən söhbət gedə bilər. Onlara qadağa tətbiq olunması düzgün deyil. Çünki istənilən fəaliyyətin çərçivələri olmalıdır. Ona görə də bütün bunları qanunlar çərçivəsində həyata keçirməliyik", – deyə vitse-spiker bildirib


AzNews.az