TQDK imtahanların nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 7-də keçirdiyi buraxılış imtahanlarında iştirak edən 22 881 nəfər 11-ci sinif şagirdinin 6 714 nəfəri, yəni 29,34 faizi ana dilindən, 7 178 nəfəri (31,37 faizi) riyaziyyat fənnindən "iki" qiyməti alıb.

TQDK-dan AzNews.az-a verilən məlumata görə, 11-ci sinif məzunlarının 43,57 faizi ana dilindən "üç", 19,15 faizi "dörd", 9,93 faizi "beş" qiyməti alıb. 11-ci sinif şagirdlərinin 36,20 faizi riyaziyyatdan "üç", 22 faizi "dörd", 10,42 faizi isə "beş" qiyməti alıb.

Həmin gün 30 208 nəfər 9-cu sinif şagirdi də buraxılış imtahanı verib. Onlardan 46,59 faizi ana dilindən "iki", 36,33 faizi "üç", 11,77 faizi "dörd", 5,31 faizi "beş" alıb.

9-cu sinif şagirdlərinin 40,86 faizinin biliyi riyaziyyatdan "iki", 38,23 faizi "üç", 12,69 faizi "dörd", 8,22 faizi "beş"lə qiymətləndirilib.

Qeyd edək ki, imtahanlar Naxçıvan Muxtar Respublikasının, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C.Naxçıvanski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün keçirilib.

Elnarə
AzNews.az