POLİSLƏ DEPARTAMENT ƏMƏKDAŞLARININ MÜŞTƏRƏK “OYUNU” -ARAŞDIRMA POLİSLƏ DEPARTAMENT ƏMƏKDAŞLARININ MÜŞTƏRƏK “OYUNU” -ARAŞDIRMA

Nəqliyyat müfəttişlərindən Prezidentə şikayət edildi

POLİSLƏ DEPARTAMENT ƏMƏKDAŞLARININ MÜŞTƏRƏK “OYUNU” -ARAŞDIRMA




May ayının 27-də AzNews.az-da Nəqliyyat Departamentinin müfəttişlərinin törətdikləri ağlasığmaz qanunsuzluqla bağlı məlumat yayımlanıb.

Seyfəddin Mirzəyev adlı vətəndaşdan daxil olan şikayətdə deyilirdi ki, nəqliyyat müfəttişləri ona və maşınına məxsus bütün sənədləri qanunsuz olaraq alıblar. S.Mirzəyev AzNews.az-a bu gün bildirib ki, artıq 20 günə yaxın müddətin keçməsinə baxmayaraq, sənədlər hələ də qaytarılmayıb.

Xatırladaq ki, nəqliyyat müfəttişləri S.Mirzəyevi qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaqda günahlandırıb. Şikayətçi isə bildirir ki, o heç vaxt taksi fəaliyyəti ilə məşğul olmayıb. Müfəttişlərin onu qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmaqda ittiham etməsi isə absurddur:
"Mən işə gedərkən tələbə qohumumu və qonşumu da yol üstü Metronun "20 Yanvar" stansiyasında düşürdüm. Elə bu vaxt Nəqliyyat Departamentinin müfəttişi olduğunu bildirən 2 şəxs cəld maşınıma əyləşdilər. Bildirdilər ki, sənin maşına oxşar bir maşınla Quba rayonundan adam daşıyan şəxsi axtarırıq. Mən də bildirdim ki, səhv salmısız. Onlar isə dedilər ki, əgər doğrudan da belədirsə, sənədlərini göstər, bilək ki, sən deyilsən. Mən də sənədlərimi təqdim etdim, onlarsa sənədlərimi götürüb qaytarmadılar. Sənədlərimi geri almaq istəyəndə isə, mənə fiziki təzyiq göstərdilər".


Nəqliyyat müfəttişləri, yoxsa yol polisi?

S.Mirzəyevin sözlərinə görə, Nəqliyyat Departamentinin özünü Orxan Əliyev kimi təqdim edən müfəttişi zorla aldıqları sənədlərin əvəzinə ona üzərində heç bir möhür və ya digər rəsmi əlamət olmayan çek veriblər. Həmin çeki isə yol polisləri rəsmi sənəd saymadığı üçün qəbul etmir və bu səbəbdən vətəndaş günlərdir, avtomobilini idarə edə bilmir:

"Həmin gündən avtomobilimi idarə edə bilmirəm. Bütün işlərim yarımçıq qalıb. Mən iş adamıyam, gündə əlli yerə getməliyəm. Müfəttişlərin verdiyi heç bir hüquqi çəkisi olmayan kağız parçası ilə polisə izah etmək olmur ki, mənim sənədlərimi müfəttişlər müsadirə edib".


Ümid Prezidentə qalıb

Şikayətçi Nəqliyyat Departamentinin işçilərinin özbaşınalıqları ilə bağlı təcili tədbirlərə ehtiyac olduğunu deyir. Ölkə prezidentinə müraciət edən S.Mirzəyev artıq dərdini deyəcək yer qalmadığı qənaətindədir: "Artıq nə edəcəyimi, dərdimi kimə deyəcəyimi bilmirəm. Mən taksi fəaliyyəti ilə məşğul olmuram. Onlar isə mənə deyir ki, sübut elə ki, taksi fəaliyyəti ilə məşğul deyilsən. Bunu necə sübut edəcəyimin yolunu isə deyən yoxdur. Əslində, onlar özləri də yaxşı bilir ki, mənim kimi adamlar heç vaxt taksi sürə bilməz, amma sanki vətəndaşları incitməkdən, onlarda qanunsuz pullar mənimsəməkdən zövq alırlar".

Müraciətlərdən və nəticəsi olmayan şikayətlərdən cana gəldiyini deyən S. Mirzəyevin artıq bircə ümidi qalıb:
"Artıq şikayət edəcək yer qalmayıb. Heç yerdə səsimizi eşidən yoxdur. Pozulan hüququmu bərpa edə bilmirəm. Nəhayət, dövlət başçısına müraciət edirəm. Xahiş edirəm ki, nəqliyyat müfəttişlərinin bu özbaşınalığına son qoymaq və mənim, mənim kimi onlarla, yüzlərlə vətəndaşın hüququnu bərpa etmək üçün bu sahəyə müdaxilə etsin. Məncə, bu işə artıq yalnız prezident əncam çəkə bilər".

Namiq Həsənovdan gözlənilməz etiraf

Müfəttişlərin özbaşınalığını, onların hüdudsuz səlahiyyətlərini və heç kimi dinləmədiklərini Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da etiraf edib. O, AzNews.az-a açıqlamasında bunları deyib: "Müfəttişlərə bir söz deyə bilmirəm, onlar məni eşitmir".

Departamentdə danışmaq istəmirlər

Bakı Nəqliyyat Departamenti məsələ ilə bağlı münasibətini bildirməkdən imtina edib. Quruma etdiyimiz çoxsaylı zənglərimizdən sonra telefonu götürən şəxs jurnalist olduğumuzu biləndə telefonu söndürdü.

Qeyd edək ki, məsələyə Nəqliyyat Nazirliyinin "Qaynar Xətt" xidmətindən də soyuq münasibət göstərilib. Müraciətimizin ünvanlandığı hüquqşünas Nəqliyyat Departamentində hər kəsin reyddə olduğu üçün kömək edə bilməyəcəyini söyləyib.

Polisin ciddi qanun pozuntusu

Qeyd edək ki, S.Mirzəyev sənədlərinin əlindən alınması ilə bağlı dərhal polisə müraciət edib.
Yasamal rayon 29-cu Polis bölməsində şikayəti araşdıran Əli adlı şəxslə da əlaqə saxladıq. Onun cavabı iə belə oldu: "Bu müraciəti Nəqliyyat Departamenti araşdırır. Bizə gələn müraciəti onlara göndəririk".
İsrarımıza baxmayaq, təhqiqatçı bunun səbəbini demədi.

Vətəndaş şikayətinin polis bölməsində araşdırılmaması barədə heç bir informasiyaya malik olmadığı üçün təhqiqatçının sözünü bölmənin dəftərxanası ilə də dəqiqləşdirməyə çalışdıq.

Məlum oldu ki, S.Mirzəyevin Nəqliyyat Departamentinin müfəttişlərindən etdiyi şikayət qeydiyyata salınmayıb.
Və bununla bağlı vətəndaşa heç bir məlumat verilməyib.

DİN rəsmisindən "alicənab" cavab

Polisin şikayətçinin ərizəsini qeydiyyata almaması, üstəlik bu qurumun işinin Nəqliyyat Nazirliyinə verilməsinin hansı qanuna əsasən həyata keçirilməsini öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun cavabı isə sözün əsl mənasına təəccüblü oldu:
"Bu məsələ ilə bağlı elə maraqlanırsız ki, elə bil prokurorsunuz. Mən müstəntiqin yerində olsam, jurnalistin telefonunu ümumiyyətlə qaldırmaram. Araşdırma nə vaxt bitər, onda da məlumat verilər".

Araşdırmanın heç başlamadığını, polisin bu məsələni gizlətməsini dedikdə isə, hörmətli Ehsan müəllim dəstəyi asdı.

Ruhiyyə
AzNews.az