Amnistiya aktının icrası nə yerdədir? – Rəsmi açıqlama

Milli Məclisin mayın 7-də qəbul etdiyi Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Pentensiar Xidməyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyun ayının 12-nə kimi bu qurumun tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1600-dan çox məhkuma amnistiya aktı tətbiq edilib.

Məlumatda bildirilir ki, bu məhkumlar arasında azadlığa buraxılan və cəzasının müddəti azaldılan şəxslər var.

Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Xidmətin məlumatına görə, bu ayın sonuna qədər Penitensiar Xidmətin tabeliyində olan həbsxanalarda Amnistiya Aktının tətbiqi yekunlaşacaq.

Prosesin 2 aya yaxın çəkməsinin səbəbi isə amnistiyanın tətbiqi zamanı müəyyən prosedurların uzanmasıdır.

Anar
AzNews.az