Əlil qarşılaşdığı haqsızlığa görə prezidentə müracizət etdi

Salyan şəhər sakini Rafael Məcidov Prezident İlham Əliyevə müraciət edib. 53 yaşlı şəhər sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin Salyan rayonundakı 35 saylı Tibbi- Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası komissiyasının fəaliyyətindəki qanunsuzluqlardan şikayətlənib. Bu barədə AzNews.az-a şikayətçinin özü məlumat verib.

B.Talıblı küçəsi ev 9, m- 4-də yaşayan Rafael Məcidov 3 uşaq atasıdır. Ağır ürək xəstəliyindən əziyyət çəkdiyi üçün ürəyində açıq əməliyyat keçirilb. Bununla əlaqədar ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin Salyan rayonundakı 35 saylı Tibbi- Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası komissiyası tərəfindən 2005-ci ildən 2-ci qrup əlillik təyin olunub: " Amma indi həmin komissiya heç bir tibbi müayinə olmadan əlilliyimi 3-cü qrupa endirib. Halbuki ötən 8 ildə mənim ürək xəstəliyim nəinki yaxşılaşmayıb, əksinə daha da ağırlaşıb".

R.Məcidov bu cür haqsızlığın yalnız onunla bağlı olmadığını da deyib: "Əslində komissiyada açıq şəkildə törədilən qanunsuzluq hallarından bütün müraciət edən xəstələr narazıdır. Belə ki, Komissiyanın yerləşdiyi otağın qarşısındakı dəhlizdə sədr Əliyar Məmmədovun sürücüsü əsl bazar açıb. Xəstələrdən rüşvət yığaraq otağa keçib komissiya sədrinin hansı rəyi yazmasını işarə edir. Beləcə adı çəkilən qurumda kim komissiya sədrinə rüşvət vermirsə ya əlillik dərəcəsi alması əngəllənir, ya da qrupu aşağı salınır".

R.Məcidov Prezidentə də müraciət edərək Əmək və Əhalinin Sosial Təminatı Nazirlinin Salyan rayonundakı 35 saylı Tibbi- Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası komisiyasında baş verən qanunsuzluqlar barədə məlumat verdiyini deyib.

Ruhiyyə
AzNews.az