Nobel prospekti öz simasını dəyişir

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində bulvar xəttinin uzadılması ilə yanaşı, Nobel prospekti də öz simasını dəyişəcək.

Azərbaycan Respublikası Hökumətinin və Bakı Şəhər İcra Hakimiyyətinin əlverişli investisiya mühiti üçün yaratdıqları şəraitin nəticəsi olaraq "Bakı Ağ Şəhər"də tikinti işləri tam sürətlə aparılır.

"Bakı Ağ Şəhər" layihəsindən bildiriblər ki, "Yaşıl Ada" rayonunda təmizləmə işləri başa çatıb. Rayonda Böyük Britaniyanın "Atkins" memarlıq şirkətinin nümayəndələrinin yerli mütəxəssislərlə birgə işləyib hazırladıqları fransız üslublu yaşayış komplekslərinin və Bakı Ağ Şəhər ofis binasının tikintisi davam edir. Hələ icra mərhələsində olarkən Bakı Ağ Şəhər ofis binası nüfuzlu beynəlxalq "Asia Pacific Property Awards 2013" sərgisində iki kateqoriyada - Ofis binası və Ofis arxitekturası nominasiyalarında mükafatlara layiq görülüb.

Eyni zamanda, ümumi sahəsi 24 hektar olan "Park" rayonunun ərazisinin layihəsi üzrə işlər aparılır. "Bakı Ağ Şəhər"in baş planının şərtlərinə əsasən rayonda inşa edilən yaşayış komplekslərində yeraltı avtomobil dayanacağına enən 1 yük və 2 sərnişin lifti, ventilyasiya sistemləri, telekommunikasiya şəbəkəsi üçün şaxtalar, kondisionerlər üçün xüsusi yerlər nəzərdə tutulub.

Tikinti zamanı həm gözəlliyi, həm də fasadın uzunömürlülüyünü saxlamağa imkan verən müasir mühəndis həlləri tətbiq edilir, keramik materiallardan istifadə olunur.

Fransız üslublu binalardan fərqli olaraq, burada inşa ediləcək evlərin daha geniş olması planlaşdırılıb.

Babək və Nobel prospektlərini birləşdirəcək və yeni bulvar xəttinədək uzanacaq Xaqani Rüstəmov küçəsinin yenidən qurulması nəticəsində Nobel prospektində iki yeraltı piyada keçidi də inşa ediləcək.

"Bakı Ağ Şəhər" layihəsinin baş məsləhətçisi rolunda mühəndis layihələndirilməsi sahəsində dünyanın tanınmış "Atkins" şirkəti çıxış edir.

Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əsası əfsanəvi Norman Foster tərəfindən qoyulan məşhur "Fosters and Partners" arxitektura şirkəti və kommersiya məkanlarının işlənilməsində böyük təcrübəyə malik ABŞ-ın "F+A Architects" arxitektura bürosu da cəlb olunub.//AzərTac//

AzNews.az