“İnteqrasiya ikitərəfli olur”- Əli Həsənov

"Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var, dövlətimiz insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalardakı vəzifələri yerinə yetirir. Ancaq beynəlxalq təşkilatlar qəbul etdikləri qərarları icra etmirlər. Dünya gör-götür dünyasıdır, birtərəfli inteqrasiya olmur. İnteqrasiya ikitərəfli olur".

Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsmanların XI Bakı Beynəlxalq Konfrasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda ombudsman institutunun yaradılması ölkənin demokratik yolla inkişafından xəbər verir: "Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Prezident insan hüquqlarına diqqət yetirməsəydi, Bakıda belə tədbir keçirmək də mümkün olmazdı. İqtisadi inkişaf yüksəldikcə siyasi inkişaf onun arxasınca getməlidir. Nə qədər iqtisadiyyat inkişaf edirsə, insan hüquqlarının qorunmasına tələbat o qədər artır. Dünyanın bəzi dövlətləri gücləndikcə, belə təəssürat yaranır ki, o dövlətlərdə insan hüquqlarının qorunması güclənib. Təəssüflər olsun ki, belə deyil. Güclülər zəif dövlətlər üzərində təsirlərini daha da artırırlar. Bəzən bizdə elə təəssürat yaranır ki, insan hüquqlarının qorunması mexanizmi yaradılıb. Ancaq beynəlxalq konvensiyaların, beynəlxalq hüququn əksər tələbləri icra olunmur. Niyə icra mexanizmi kifayət qədər deyil? Yaxud icra mexanizmi varsa, niyə dünyada hər dövlətə, xalqa münasibətdə eyni səviyyədə tətbiq olunmur?".

Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkün olan 1 milyon insanın hüquqlarının pozulduğunu vurğulayıb: "Avropa Şurasından, digər beynəlxalq qurumlardan insanlar gəlir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bununla bağıl beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul olunub, ancaq bu qərarlar yerinə yetirilmir. Ancaq Avropa Şurasından, digər beynəlxalq qurumlardan gələn insanlar bizə 1 milyon insanın hüquq və azadlıqlarını qorumaqla bağlı iradlar tuturlar. Çox qəribədir. Hazırda dünyada 36 milyon qaçqın və köçkün var, münaqişə zonalarının sayı da artır. Niyə hüquqları pozulmuş insanların sayı ildən-ilə artır?".

Əli Həsənov Azərbaycanda 2020-ci ilə kimi inkişaf strategiyası qəbul edildiyini nəzərə çatdırıb: "Qarşıya qoyulan məqsəd odur ki, Azərbaycanda insan hüquqlarının qorunması səviyyəsi daha da yüksəlsin. Azərbaycan son 10 ildə dünyanın ən inkişaf etmiş, tolerant ölkələrindən birinə çevrilib. Ölkə inkişaf etdikcə, Azərbaycan prezidentinə, dövlətinə beynəlxalq səviyyədə qısqanclıq da artır. Biz bunun əksini görməliydk, Azərbaycan prezidentinə beynəlxalq səviyyədə hörmət daha da artmalı idi. Azərbaycan 2020-ci ilə kimi qarşıya qoyduğu bütün məqsədlərə nail olacaq".

Ombudsman Elmira Süleymanova isə deyib ki, son əsrdə dünya əhalisi 2 milyard nəfərdən 7 milyard nəfərə, Azərbaycan əhalisi isə son yüz ildə 7,5 milyon nəfər artaraq 2 milyon nəfərdən 9,5 milyon nəfərə çatıb: "Azərbaycan torpaqlarının 20 faizininin işğal edilməsinə, 1 milyon qaçqın və məcburi köçkünün olmasına bamayaraq, uğurlu iqtisadi inkişafa nail olub, təbii fəlakətlərin nəticələrini aradan qaldıra bilib. Bu müddət ərzində yoxsulluq 49 faizdən 6 faizə endirilib. Ölkə iqtisadiyyatına 80 milyard dollar vəsait qoyulub".

Elmira Süleymanova qeyd edib ki, ötən dövr ərzində insan hüquqları ilə bağlı fəaliyyət planı qəbul edilib: "Müzakirə etdiyimiz məsələ isə insan hüquqları baxımından əhəmiyyət kəsb edir. İnanırıq ki, beynəlxalq əməkdaşlıq baxımından gələcək planlarımızı qəbul edəcəyik. Bakı Bəyanaməsində bu məsələlər əksini tapacaq".

AzNews.az