“Qarabağ” bloku əməkdaşımızın müdafiəsinə qalxdı

İyunun 19-da Qarabağ Bloku növbəti toplantısını keçirib.

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, yığıncaqda verilən qərarların icrası haqda hesabat məruzəsi dinlənildikdən sonra Azərbaycanda ictimai-siyasi vəziyyət, son günlər "Space" televiziyasının aparıcısı İlham Mirzəyevə və AzNews.az xəbər portalının əməkdaşı Bahar Rüstəmlinin ailəsinə edilən basqın, Azərbaycanda artan qətl hadisələri və intiharlar, İranda son prezident seçkiləri, Avropa Birliyinin Azərbaycanla bağlı qəbul etdiyi son qərar, "Freedom House" və digər beynəlxalq insan haqları təşkilatlarının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqlamaları, Şimali İrlandiyada keçirilən G-8 ölkələrinin sammiti müzakirə olunub.

Tədbirdə bildirilib ki, son dövrlər jurnalistlərə qarşı basqıların və qanunsuz əməllərin sayı artıb. Qeyd edilib ki, bu cür hadisələrin baş verməsi söz və mətbuat azadlığına basqıdır və jurnalistlərdə daxili senzuranın yaranmasına səbəb olur: "Jurnalistlərə qarşı baş verən bu cür hadisələr hakimiyyəti ciddi şəkildə narahat etməli, bunların qarşısının alınması üçün ciddi addımlar atılmalı, hadisəni törədənlər dərhal tapılaraq cəzalandırılmalıdır. Əks təqdirdə Azərbaycanda çox pis bir ənənə yarana bilər və bu, çox ciddi, xoşa gəlməz hadisələrin baş verməsinə gətirib çıxarar".

Son dövrlər Azərbaycanda intihar və qətl hadisələrinin artması da tədbir iştirkçılarını narahat edib. Qeyd edilib ki, bu cür hadisələrin çoxalmasına səbəb Azərbaycanda tərbiyə sisteminin dağılmasıdır.

İranda keçirilən seçkiyə də toxunulan tədbirdə qeyd olunub ki, seçkidə Cənubi Azərbaycan türkləri seçilmə hüququndan məhrum edilib: "760 namizəddən cəmi 8-i seçkiyə buraxılıb. Onların arasında əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan əsilli bir nəfər də olsun olmayıb".

Tədbirdə Avropa Birliyinin Azərbaycanla bağlı qəbul etdiyi son qərar "Freedom House" və digər beynəlxalq insan haqları təşkilatlarının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqlamalarında göstərdikləri iradlar müdafiə olunub.

AzNews.az