ABŞ Azərbaycanı siyahıdan çıxartdı - 5 il sonra

Ölkəmiz insan alverinə qarşı mübarizənin vəziyyətinə görə ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə üzrə 2008-2012-ci illərdə hazırladığı hesabatlarda "2 nəzarət" siyahısında yer almasına son qoyulub.

Beş il ərzində "2 nəzarət" siyahısında yer alan Azərbaycanla bağlı yeni məqam ABŞ Dövlət Departamentinin internet səhifəsində yayımlanan yeni hesabatda əksini tapıb. Həmin sənədə görə Azərbaycan bir pillə irəliləyərək artıq 2-ci siyahıda yer alıb.

Bunu müsbət addım kimi qiymətləndirən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev AzNews.az-a bildirib ki, respublikamızda həyata keçirilən kompleks xarakterli müvafiq tədbirlərə münasib olaraq gələcək illərdə ölkəmizin 1-ci siyahıda qərarlaşmasına ümid etmək olar: "Bu sahədə görülən işlər ən nəhayət müsbət nəticəsini verdi".

Xatırladaq ki, ABŞ Dövlət Departamenti hər il dünyada insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı illik hesabat hazırlayır. Həmin hesabatda insan alverinə qarşı mübarizənin vəziyyətindən asılı olaraq dövlətlər müxtəlif qruplarda yerləşdirilir. Azərbaycan artıq 5 il idi ki, "2 nəzarət" siyahısında yer alırdı ki, bu da insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı idi.

Elnarə
AzNews.az