Aslan İsmayılov DİN rəhbərliyi ilə sövdələşməyə gedib?

“Baş vermiş özbaşınalığı beynəlxalq təşkilatların müzakirə mövzusuna çevirəcəm”




"Mənə qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının zorakı hərəkətləri ilə bağlı daxili işlər naziri Ramil Usubov və digər vəzifəli şəxslərlə görüşdükdən sonra bir çox dostlar atmacaları ilə məni hansısa sövdələşmədə, bəzən isə az qala qorxaqlıqda ittiham etməyə başladılar".

AzNews.az-ın məlumatına görə, bu sözləri tanınmış vəkil Aslan İsmayılov deyib. O, bildirib ki, bütün görüşlərində açıq olub və ona qarşı zorakılıq edənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib: "Susqunluğum baş verən hadisə ilə barışmağımdan irəli gəlmir. Sadəcə, hazırda Bakı şəhər prokurorluğunda araşdırma getdiyi və bu işi şişirtməkdə, araşdırmaya təsir etməkdə günahlandırılmamağım üçün məsələyə səbirli yanaşıram".

A.İsmayılovun sözlərinə görə, şikayəti ilə bağlı Bakı şəhər prokurorluğunda araşdırmanı aparan prokurorluğun mühüm işlər müstəntiqi Cahangir Şükürova izahat verib: "Bu günə olan məlumata görə, mənə qarşı zorakılıq edən BMCMİ-nin istintaq şöbəsinin rəis müavini Canpolad Daanov və digər (hələ ki, müəyyən olunmamış) şəxs prokurorluğa gəlmədiklərindən araşdırma ləngiyir. Bu halın özü artıq həmin şəxslərin qanunu saymamalarının göstəricisidir. Əgər ölkə daxilində obyektiv araşdırmaya nail olmasam, baş vermiş özbaşınalığın beynəlxalq təşkilatların müzakirə mövzusuna çevrilməsinə çalışacam. İnanın ki, buna da nail olacam".

Qeyd edək ki, A.İsmayılov BMCMİ-nin əməkdaşı Canpolad Daanov tərəfindən döyüldüyü və təhqir olunduğunu iddia etmişdi. O, məsələ ilə bağlı DİN rəhbərinin müavini Vilayət Eyvazov və nazir R.Usubovla da görüşmüşdü.

Anar
AzNews.az