Kəndimdəyəm, ölmüşəm...

Mən sadə adamam.

Sadə qayğılarla yaşayıram.

İstəklərim də çox sadədir, çox.

Kiməsə gülünc görünə bilər. Ürəyində "Bu yaşında havalanıb" – deyə deyinə də. Heç vecimə deyil. Həqiqət budur ki, yeddi arxa dönənim şəhərli olsa belə, olsaydı belə, indi torpaq məni daha çox özünə çəkir.

Dağlara köçmək istəyirəm, ucqar bir kəndə.

Ətrafımda bir ins-cins olmasa da, rahat yaşayaram. Bir sürü qoyunum, davarım olsa, mənə yetər. Zəmidə sünbüllərin qoxusu bəsimdir, yamaclarda yaşıl otun ətri. Yanımda bir qurdbasan, çoban itim ola, kürəyimdə yapıncım. Uzanam çəmənə, gözlərimi yumam, hərdən bir altında yerə sərildiyim ağacın budaqları arasından boylanan gün gözlərimi qamaşdıra, – həyatdan beləcə kam alam.

Qışda titrəyə-titrəyə həyətdən odun yığıb evə keçəm, sobaya çırpı-talaşa atıb barmaqlarını odda qızdıram, kəklikotulu çaydan içəm, siqareti piləyəm, addımları qarda xışıltıyla əks-səda verən qəfil qonağa qapı açam, gecə yarıyadək söhbət edəm. Həyatdan – olmuşlardan və olacaqlardan.

Artıq hiss edirəm ki, bu dünyanın heç bir naz-nemətinə ehtiyacım yoxdur. Nə mobil telefon, nə sosial şəbəkə, nə bahalı maşın sevdası, nə dörd yanı ciddi qorunan malikanə. Mən kəndin qatığına tamarazıyam, halal kəsilmiş ətinə dişim-damağım darıxıb, təndirdən indicə çıxmış, barmaqları yandıran çörəyi həzlə çeynəmək istəyirəm. Ovurdlarım isti çörəklə dola... qoxusunu hətta mal-heyvanın duyub böyürdüyü, mələdiyi təndir çörəyi...

Bəxtim onda gətirməyib ki, kənddə nə bir evim var, nə bir obam. "Lələ" çoxdan köçüb, yurdu da viran. Kim alıb, necəyə alıb, həyətinə necə qatıb, – bilmirəm, heç anlayışım, təsəvvürüm də yoxdur. Bircə onu bilirəm ki, ata-baba yurdundan bir əkin sahəsi var. Adı özümüzün, dadı özgənin. Halal adamlardı, sağ olsunlar! Beş-on il əvvəl mərhum əmimin qapısını döyüblər ki, bəs hal-qəziyyə belə, izn verin o sahəni əkək. İzni alıblar və hər il toplanmış məhsulun üçdə biri əmimin qapısına gətirilir...

Kənd adamı bax budur. Halalzadə bax belə olar. Çörəyi dizi üstə olmayanı belə tanıyarlar.

...Mən xalq adından danışan çox adam gördüm. Onların heç biri məni xalqa sevgisində inandıra bilmədi. Bilirsinizmi niyə?

Bir düşünün, niyə yüz iyirmi dörd min peyğəmbərin əksəri keçmişində çoban, aqibətində Allah elçisi olub? Çünki onların hər biri ilahi vəhy almaqla bərabər, siyasəti davar, sürü otarmaqla öyrənib.

"Siyasət" sözü də çobanlıq peşəsiylə sıx bağlıdır. Niyə? Çünki siyasət – sürünün qabağında gedən keçiyə verilən addır. Arxasınca gələn, önünü görməyən, qarşısındakı, yanındakı və arxasındakı özü kimisinin təpinməsiylə hərəkət edən qoyun sürüsünün rəhbəri, yol göstərəni – "siyasət". Onun işi təkcə düzgün istiqamət verməklə bitmir. "Siyasət" sürüyə hücum çəkən qurdu da azdırmalıdır, nəhayətdə özünü qurban vermək lazım gəlsə də...

"Qurbanlıq keçi" ifadəsi də burdan doğub.

... Mən sadə adamam.
Sadə qayğılarla yaşayıram.
İstəklərim də çox sadədir, çox.

Kiməsə gülünc görünə bilər. Ürəyində "Bu yaşında havalanıb" – deyə deyinə də. Heç vecimə deyil. Həqiqət budur ki, yeddi arxa dönənim şəhərli olsa belə, olsaydı belə, indi torpaq məni daha çox özünə çəkir.

Dağlara köçmək istəyirəm, ucqar bir kəndə.

Aparın məni kəndə... artıq ölmüşəm. Fərqi yoxdur kimin gözündə.

AzNews.az