Azərbaycanın Rusiyadan silah almasının iki məqsədi

Ermənistan hakimiyyəti Medvedevdən sonra Putinin də Azərbaycana silah və hərbi texnika satışından narahat olsa da...

Rusiyanın "Vedomosti" dərgisinin Müdafiə Nazirliyinə istinadən Rusiyanın Azərbaycana 1 milyard dollar silah satması xəbəri Azərbaycanda geniş rezonans doğurub. Xəbərə görə, silah və hərbi texnika Rusiya ilə Azərbaycan arasında 2011-2012-ci illərdə imzalanmış müqavilələrə görə həyata keçirilir. Yalnız keçən il Rusiyanın Azərbaycana 8 ədəd hərbi helikopter, 18 ədəd iri çaplı artilleriya sistemi, 1200 ədəd daşınan zenit-raket kompleksi satdığı açıqlanıb. Ümumiyyətlə müxtəlif mənbələrin məlumatlarına görə, son 5 ildə Azərbaycan Rusiyaya 1.7 milyard ABŞ dollarından artıq silah və hərbi texnika sifariş verib.

O da maraqlıdır ki, hələ bu ilin aprel ayında Azərbaycan Müdafiə Nazirliyinə istinadən belə bir xəbər yayılmışdı ki, Rusiya ilə ötənilki müqavilələr yerinə yetirildikdən sonra Bakı Moskva ilə yeni hərbi müqavilə imzalamayacaq. Buna baxmayaraq, rəsmi Bakı hələ ki, Moskvadan silah alır və qarşı tərəf də bu silahları Azərbaycana satmaqda maraqlıdır.

Azərbaycan Müdafiə Nazirliyi "Vedomosti" dərgisinin yaydığı məlumatı nə təsdiq, nə də təkzib edib. Ümumiyyətlə Azərbaycan Müdafiə Nazirliyi silah və hərbi texnika alqı-satqısıyla bağlı müqaviələlərin açıqlanmasında maraqlı görünmür. İsraillə də belə olmuşdu. İsrailin Azərbaycana 1 milyard 500 milyon dollarlıq silah satışını ilk dəfə bu ölkənin dərgisi yaymış, daha sonra bu xəbəri Azərbaycan Müdafiə Nazirliyi təsdiq etmək məcburiyyətində qalmışdı.

Azərbaycanın Rusiyadan silah və hərbi texnika almasında iki məqsədi var:

Birinci məqsəd Bakının Moskva ilə münasibətlərdə müəyyən gərginlik yaşamasına baxmayaraq, normal qonşuluq əlaqələrindən tam qopmaq istəməməsidir. Rusiya dünyanın böyük silah istehsalçısıdır və Kremlin xarici siyasətdəki hədəflərindən biri də xarici dövlətlərlə münasibətlərdə iqtisadi-ticarət əlaqələrə önəm verməsidir. Başqa sözlə Rusiya hansısa ölkəyə nə qədər çox mal satıb gəlir əldə bilirsə, bu da xarici siyasətdə prioritet istiqamət sayılır. Rəsmi Bakı da dünyanın ən böyük silah ixracatcısından hərbi texnika almaqla Rusiya ilə münasibətləri müəyyən maraq çərçivəsində saxlamağa çalışır.

İkinci məqsəd Bakının yeni və müasir hərbi texnika vasitəsilə hərbi potensialını artırmasıdır. Alınan hərbi texnikanın böyük hissəsi quru qoşun qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədi daşıyır. Əlbəttə, Ermənistanın strateji müttəfiqi Rusiya Azərbaycana satdığı hərbi texnikanın Dağlıq Qarabağda istifadə olunmasında maraqlı deyil. Ancaq Kreml Bakının istədiyi silahları Azərbaycana satmaya da bilməz. Çünki, bu müqavilələr Rusiya və bu ölkənin hərbi sənayesi üçün əlavə gəlir mənbəyidir. Rusiyada anlayırlar ki, Bakıya onun istədiyi silahları satmasalar, Azərbaycanın oxşar silahları başqa ölkələrdən, o cümlədən Türkiyə və İsraildən ala bilər var və Bakı bu imkanlarından onsuz da istifadə edir.

Rusiya 2010-cu ildə Azərbaycana C-300 raketlərini satdıqda bu Ermənistanda narazılıq yaratmışdı. Bununla bağlı müqavilə Sergey Medvedevin prezidentliyi dövründə imzalanmışdı. Medvedev prezidentlik kreslosunu tərk etdikdən sonra Rusiyanın bəzi dairələr onun Bakıya C-300 satışını tənqid etmişdilər. Çünki, Ermənistanın ardından, Azərbaycanın da C-300 raketlərinə malik olması iki dövlətin imkanlarını bərabərlişdirmişdi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya-Azərbaycan münasibətlərindən Qəbələ RLS gərginliyi yaşandı və bu stansiya ilə bağlı yeni müqavilə imzalanmadığına görə Kreml sahibinin Bakıya qəzəbləndiyi müşahidə olundu. Buna baxmayaraq, Putin də Azərbaycanla imzalanan keçmiş müqavilələri yerinə yetirmək məcburiyyətindədir. Ermənistan hakimiyyəti Medvedevdən sonra Putinin də Azərbaycana silah və hərbi texnika satışından narahat olsa da, Kremlə açıq şəkildə etiraz edə bilmir. Çünki əgər Ermənistan Rusiyadan silahı pulsuz alırsa, Azərbaycan bu silaha görə Rusiyaya pul ödəyir və bu əməkdaşlıq həm Moskva, həm də Bakının maraqlarına uyğundur.

"Atlas" Araşdırmalar Mərkəzi