N!DA-çının vəkili istintaqdan prokurorluğa şikayət edəcək

Həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun vəkili Fariz Namazlı adı çəkilən gəncin istintaq işini aparan müstəntiqlərdən Baş Prokurorluğa şikayət edəcək.

Bu barədə AzNews.az-a vəkilin özü məlumat verib. O bildirib ki, istintaq orqanlarına Məmməd Əzizovun ifadəsini dəyişdirmək istəməyi ilə bağlı vəsatət versə də, müstəntiq bu vəsatətə münasibət bildirmir: "Biz Məmməd Əzizovun istintaqa verdiyi ilkin ifadədən imtinası və yenidən ifadə vermək istəyi ilə bağlı istintaq orqanlarına vəsatət təqdim etmişik. M.Əzizov ilkin ifadəsini təzyiq altında verdiyini və yenidən ifadə vermək istədiyini bildirir. Ancaq qanuni hədd keçsə də, müstəntiq bu vəsatətə münasibət bildirməyib."

Vəkil onu da deyib ki, gələn həftə böyük ehtimalla, M.Əzizovun həbs-qətimkan tədbirinin müddəti də uzadılacaq: "İyulun 7-də onun həbs-qətimkan tədbirinin müddəti bitir. Ancaq ortada heç bir istintaq hərəkəti yoxdur. Həmçinin, digər N!DA-çı gənclərin həbs-qətimkan müddətinin də sentyabr ayında bitəcəyini nəzərə alsaq, M.Əzizova yenidən 2 aylıq qətimkan tədbiri seçiləcəyi gözlənilir".

Anar
AzNews.az