İctimai birlikdən qaçqınlarla bağlı BƏYANAT



"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi bu gün qeyd olunan Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu günlə bağlı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının ictimaiyyətə çatdırmaq istədiyi əsas mesaj "1 ailə" kampaniyası çərçivəsində olan "Müharibə 1 dəqiqə ərzində 1 ailəni parçalayırsa, bu, artıq çoxdur" mesajıdır: "Azərbaycanda da bu gün çoxlu tədbirlər keçiriləcək, qaçqınlara ayrılan pullar, tikilən şəhərciklər, Azərbaycana qarşı davam edən ayrı-seçkilik, qaçqınlara və məcburi köçkünlərə davamlı diqqəti, onların öz yurdlarına qaytarılacağı günlərin yaxın olduğu və. s yenə eşidəcəyik. Azərbaycanda isə heç müharibə olmadan yürüdülən miqrasiya siyasəti bu mesajın tam əksini - ailələrin dağılmasını təmin edən siyasəti müəyyən edib".

Bəyanatda bildirilir ki, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan yüzlərlə əcnəbi ailə birləşməsi prinsipinin əksinə olaraq ölkədən çıxarılır: "Müstəqilliyin ilk illərində qaçqın kimi yaşayanlar hələ də qaçqın vəsiqəsi ilə və ya şəxsiyyəti təsdiq edən digər sənədlərlə təmin olunmayıb.

Azərbaycan əhalinin sayı baxımından dünyada ərazisində ən çox məcburi köçkün məskunlaşan ölkədir. Həmçinin qaçqın və məcburi köçkünlərin Ən uzun müddətə məskunlaşan olduğu ölkə də Azərbaycandadır".

Dünyanın bəzi ölkələrində qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər siyasi hakimiyyət uğrunda mübarizədə istifadə olunduğunun vurğulandığı bəyanatda "Ümid edək ki, Azərbaycanda bu məqsədlər yoxdur və ən yaxın vaxtlarda məcburi köçkünlərin öz torpaqlarına qaytarılması təmin olunacaq" deyə bildirilir.

Elnarə
AzNews.az