Bakıda su qıtlığı yaranıb – SƏBƏB

"Azərsu" bunu su təchizatı sisteminin yenidən qurulması ilə izah edir

Yay aylarının başlaması ilə şəhərimizin su ilə bağlı problemləri daha çox hiss olunmağa başlayır. Hər gün ayrı-ayrı istiqamətlərdən – Bakının müxtəlif rayonlarından sakinlərin su ilə bağlı şikayətləri gəlir. Bu gün isə Nərimanov rayonunda bu istiqamətdə susuzluq müşahidə olunub. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı şəhərimizdəki su qıtlığını AzNews.az-a su təchizatı sisteminin yenidən qurulması ilə izah edib: "Azərsu istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin və israfçılığın qarşısının alınması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlayıb. 2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ərazisində həyata keçirilmiş pilot layihələrin müsbət nəticələri əsas götürülərək yeni layihələrin icrasına start verilib. Çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulmasına hesablanmış layihələr çərçivəsində ilkin mərhələdə Bakı şəhərinin rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərində 787 binanın su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulmuş və artıq 100-dən çox binada işlər başa çatdırılıb. Hazırda 400-dən çox binada iş davam etdirilir. Ümumilikdə bu layihə 60 minə yaxın mənzili əhatə edəcək".

A.Cəbrayıllının sözlərinə görə, layihə çərçivəsində həmin binalarda yaşayan əhalini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan metal borulardan ibarət magistral xətlər polietilen borularla əvəzlənir: "Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır. Layihəyə uyğun olaraq hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur və sərfölçən cihazlar pilləkən qəfəslərində quraşdırılır. Sayğacların pilləkən qəfəslərinə çıxarılması onların nəzarətdə saxlanmasına imkan verir və texniki xidməti asanlaşdırır. Bunlarla yanaşı, yanğından mühafizəni asanlaşdırmaq üçün binaların qarşısında yanğın hidrantlarının quraşdırılması da nəzərdə tutulur. Qeyd edək ki, bu layihə çərçivəsində sayğacların quraşdırılması əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir. Qeyri-əhali istehlakçıları isə sayğacların dəyərini ödəməlidir".

A.Cəbrayıllı layihənin reallşdırıldığı binalar üzrə aparılan ilkin təhlillərin nəticələrinə əsaslanaraq deyib ki, yenidənqurma işləri nəticəsində su itkisinin qarşısı alınıb: "Binaların zirzəmilərinə su sızmalarının qarşısı tam alınıb, su sərfiyyatı 2 dəfəyə qədər azalıb, itkilər demək olar ki, sıfıra düşüb. Eyni zamanda smart-kart tipli sayğacların quraşdırılması ilə su təchizatı və tullantı sularının axıdılmasına görə xidmət haqlarının ödənilməsi 100 faiz təmin olunub və debitor borcların əksər hissəsi yığılıb".

Ruhiyyə
AzNews.az