Dırmanırıq

"12 stul" filminə baxanların yadında olar, orda qəhrəmanlar brilyantın ardıyca Gürcüstana gəlib çıxanda dağlarda ərzaq üstündə dalaşırlar, keşiş kolbasanı qapıb sərt dağ yamacıyla yuxarı dırmaşır, sonra da orda qalır, daha aşağı düşə bilmir. Hətta ekskursiyaya gələnlərə onu "Gürcü knyazlarının nəslindən olan adam" kimi təqdim edirlər. Mən özüm şəxsən təxminən buna bənzər vəziyyəti yaşamışam. Sadəcə, səbəb aclıq yox, qorxu olub.

1990-cı ilin 19 yanvar gecəsi sovet ordusu Bakıya soxulanda şəhərin şimal çıxışında, indi benzindoldurma stansiyası olan yerin yanında idim. Post qurmuşduq, təkər yandırmışdıq, barrikada-filan...

Guya ordunun qabağını alırdıq. Sonra hücum oldu, gülləboran, zirehli texnikanın hərəkəti və sairə - aləm qarışdı. Mənim də 16 yaşım var, tələbəyəm, təbii ki, camaatla birgə tüpürdüm dabana. Orda yolun kənarı qazılmışdı və çox kəskin maili, hündür divar kimi bir şey yaranmışdı. O divarı qorxudan necə dırmaşmışam – bunu sonralar da başa düşmədim. Həmişə yanından keçəndə heyrətlənirdim. Normal vəziyyətdə qətiyyən o divarı aşa bilməzdim.

Sözümü nəyə gətirirəm? Bu günlərdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun bir intervüsünü oxudum. Hörmətli nazir eyni zamanda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidentidir.

Məsələn, dombalaq aşanları, ekstremistləri hazırlaşdırır. Zarafat edirəm, o dəqiqə cənab naziri qaralamaq lazım deyildir. Bu federasiya paraşütdən tullanmaq, alpinizm kimi ciddi idman növləri ilə məşğuldur. Federasiyanın nəzdində o cümlədən, "idman dırmanması" deyilən bir idman növü var imiş. Nazirin intervüsü də bu haqda idi.

Bir haşiyə çıxaraq qeyd edim ki, əslində biz bir çox idman növlərindən xəbərsizik, qəflət yuxusunda yatmışıq. Misal üçün, "şahboks" deyə ekzotik bir idman varmış, bunun hətta dünya çempionatı-zadı da keçirilirmiş. İdmançılar bir raund yumruqlaşırlar, sonra elə həmin rinqin içində fiqurlar düzülür, şahmat oynanır. Bir neçə gedişdən sonra durub təzədən bir-birinin əngini dağıdırlar. Beləcə, davam edir. Gərək biz vaxtında bu cür şeyləri öyrənək, dünyadan geri qalmayaq.

İdman dırmanmasında vəziyyətə gələndə, burda xeyli irəliləyişlərimiz varmış. Hüseynqulu bəy deyir ki, hətta dırmanma üzrə dünya kuboku yarışları Azərbaycanda keçiriləcəkdir. Dünya federasiyası təzəlikcə bu qərarı veribdir.

Gəlib respublikamızda vəziyyətə baxıblar, görüblər yaxşı divarlar var, çempionat keçirməyə hər cür şərait yaradılıbdır. Əgər kimsə mənim bunları zarafat üçün yazdığımı fikirləşirsə (bizim də adımız beləcə pis çıxıbdır – camaat elə bilir yumoristik həyat yaşayırıq), buyursun, nazirin intervüsündən bir hissəni olduğu kimi oxusun: "4-5 il öncə kiminsə idman dırmanması növünün mövcudluğundan təsəvvürü var idi.

Amma indi ölkəmizdə Dünya Kuboku keçirilir, artıq 3 dırmanma divarı istifadədədir. Hamısı da gənclər üçün ödənişsiz, sərbəstdir. Gələcəkdə bu lövhəni başqa yerdə də quraşdıracağıq və gənclərin istifadəsində olacaq". Sitatın sonu.

Dünya kubokunda dırmanma üzrə 17 idmançımız iştirak edəcəkdir. Bu da yaxşı nəticədir. Ancaq Hüseynqulu bəy deməyib, mən deyim: bu dırmanma idmanının ölkəmizdə inkişafına hər cür şəraiti məhz dövlətin yaratdığına şübhə etmirəm.

Birincisi, camaatın necə deyərlər, "pişiyini ağaca dırmaşdıran" bir siyasət yürüdülür. İkincisi, ölkənin hər yerinə hasarlar, maneə divarları çəkilir, insanlar da bu divarları aşmaq üçün əlləşirlər. Nəticədə idman inkişaf edir. Məsələn, son illər yüngül atletikanın uzunluğa tullanma növü üzrə perspektivli idmançılarımız yetişməkdədir. Hər gün Bakı küçələrində qazılan xəndəklərdən hoppanaraq məşq edirlər. Divara dırmanma növü üzrə idmançılarımız arasında Qobustan qəsəbə sakinlərinin olmasına şübhə etmirəm.

AzNews.az