Yeniyetmələr arasında narkotiklərə meyillilik artıb - Azərbaycanda

Təəssüflə bildirməliyik ki, son vaxtlar Azərbaycanda narkotiklərdən istifadəyə meylilik artıb və bu özünü gənclər və yeniyetmələr arasında qabarıq şəkildə göstərir.

Trend-in məlumatına görə, bunu Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin (NCMTO) rəhbəri Məzahir Əfəndiyev Bakıda "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda bildirib.

Konfransda Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisi tərəfindən hazırlanmış Azərbaycanda 2012-ci il üçün narkotiklərə dair illik hesabat və bu sahədə görülmüş işlərə dair məlumat verən Məzahir Əfəndiyev qeyd edib ki, BMT-nin hesablamalarına görə, dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə edir. Bu dünya əhalisinin təxminən 4,8 faizi deməkdir.

Onların 26 milyonu narkotiklərdən gündəlik istifadə edən xəstə şəxslərdir. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyondan artıqdır. Aparılmış araşdırmalar onu deməyə əsas verir ki, son dövrlər heroin, opium və tiryəkdən istifadə edənlərin sayı daha çox artır. Ötən ilin sonlarınadək dünya üzrə əkin sahələri artaraq 238 min (2009-cu ildə bu rəqəm 234 min hektar olub) hektara çatıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirlyinin rəsmi statistik məlumatına görə, bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26717 nəfər olub) onların da 21999-u dispanser, 5911 nəfəri isə profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir:

"Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadə edənlərin yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə də cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə hallarına rast gəlinir. Şübhəsiz ki, bütün bu məlumatlar həyəcan doğurmaya bilməz."

Əfəndiyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem mövcuddur. Ölkəmiz artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məsədyönlü işlər həyata keçirir. Bu gün Azərbaycan höküməti, xüsusən hüquq-mühafizə orqanları tərəfindən bu sahədə çox ciddi nəticələr əldə olunub və qeyri-qanuni dövriyyədən tonlarla narkotik maddələr (2012-ci ildə bu rəqəm təxminən 1 ton 371 kq olub) çıxarılaraq məhv edilib.

Ofisin rəhbərinin fikrincə, bunu qismən olsa da aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliqat və profilaktika işlərinin daha düzgün, effektli aparılması çox vacibdir.

Konfransın işində Dövlət komissiyasına üzv olan nazirlik və komitələrin, milli Məclisin üzvləri və İcra hakimiyyətlərinin, ölkəmizdə akkreditə olunmuş səfirliklər və beynəlxalq təşkilatların, gənclər təşkilatları və QHT-in nümayəndələri iştirak edir.

AzNews.az