Sumqayıtda “Açıq Hökumət”



İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili" layihəsi çərçivəsində Sumqayıtda növbəti ictimai müzakirə keçirib. Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə icra hakimiyyətinin baş məsləhətçisi Fərman Kazımov açıb. O, "Açıq Hökumət"in təşviqi ilə bağlı icra hakimiyyəti tərəfindən aparılan işlərlə bağlı məlumat verib.

Tədbirdə icra hakimiyyətinin təmsilçiləri, yerli idarə və müəssisələrin əməkdaşları, QHT-lər və mətbuat nümayəndələri iştirak edib. Daha sonra söz Layihə rəhbəri Rəfail Becanov layihə çərçivəsində görülən işlərlə bağlı məruzə edib. Layihə rəhbəri bildirib ki, Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən bu layihə 3 aydır davam edir.

Məqsədimiz "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Açıq Hökumətin təşviqi"nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təbliğatını aparmaq və bu Planda qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına yardım etməkdir. Bu müddət ərzində tərəfimizdən Sumqayıt şəhər icra hakimiyyətinin internet səhifələri monitorinq edilib, müxtəlif suallarla icra hakimiyyətinin məsul şəxslərinə müraciət edilib və həmin suallara cavablar alınıb. Qeyd edək ki, icra hakimiyyətinin internet səhifəsində Azərbaycanla bağlı çox geniş məlumatlar yerləşdirlib.

Buraya tarixi məlumatlar, konstitusiya, dövlət rəmzləri, əhali, ərazi, bayramlar, Qarabağ, işğal ərazilərlə bağlı məlumatlar daxildir. O cümlədən şəhərin tarixi, əhalisi haqqında da geniş məlumatlar vardır. Elektron müraciət üçün forma mövcuddur və istənilən vətəndaş bu üsulla icra hakimiyyətinə müraciət edə bilər. Eləcə də əlaqə bölümündə icra hakimiyyətinə müraciət etmək üçün elektron poçtlar göstərilib. İnternet səhifələri vaxtında yenilənir.

Məlumatların yerləşdirilməsi arasındakı zaman fərqi o qədər də böyük deyil. İcra Hakimiyyətinin başçısı və müavinlərinin, şöbələrinin qəbul günləri və qəbul saatları yerləşdirilib. Lakin bununla yanaşı çatışmayan cəhətlər də vardır. Bu sırada ən mühümü isə şəffaflıqla bağlıdır. İnternet səhifədə icra hakimiyyətinin büdcəsi, xərclənən vəsaitlə əsaslı məlumatlar azlıq təşkil edir. Amma bütünlükdə götürdükdə internet imkanlarından istifadədə Sumqayıt şəhər icra hakimiyyətində müsbət çalarlar çoxdur. Elektron müraciətlər diqqətdə saxlanılır və qeydiyyata götürülür.

Vətəndaş cəmiyyəti sektoru ilə əlaqələr istənilən səviyyədə deyilsə də, əlaqələr mövcuddur və ümid edirik ki, bu məsələ tezliklə öz həllini tapacaq və yerli icra hakimiyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələr daha da güclənəcək.

Daha sonra QHT rəhbəri Azər Babayev, "Xeberle.com" internet portalının baş redaktoru Ramil Zeynallı, "Sabah inamla" qəzetinin baş redaktoru Namiq Məmmədli, "Qadın Təşəbbüsü" İB-nin sədri Zenfira Mustafayeva, "Əlil Qadınlar Cəmiyyəti" Sumqayıt şəhər şöbəsinin təmsilçisi Müşkünaz Əliyeva və digərləri çıxış ediblər. Çıxış edənlər Açıq Hökumətin təşviqini alqışladıqlarını bildiriblər və bunun vətəndaş cəmiyyətinin inkişafına da yönəlik təsirlərindən danışıblar.

AzNews.az