Qurban Məmmədov: “İşi tez məhkəməyə göndərin”

Həbsdə olan hüquqşünas Qurban Məmmədov istintaqın tez yekunlaşdırılaraq işin məhkəməyə göndərilməsini tələb edir.

Bunu AzNews.az-a açıqlamasında Q. Məmmədovun vəkili Süleyman Qasımov bildirib: "Qurban Məmmədov tələb edir ki, istintaq uzadılmasın və iş tez məhkəməyə göndərilsin".

S.Qasımovun sözlərinə görə, Q. Məmmədovun müdafiəsinə 5 vəkil qoşulub: "Hər gün istintaq təcridxanasında Qurban Məmmədovla vəkillərdən birinin görüşü nəzərdə tutulur. Görüş sistemi elə təşkil ediləcək ki, hər gün vəkillərdən kimsə onun yanında olsun. Qəzada adı hallanan və Qurban Məmmədovun əlində səs yazısı olan ikinci maşın da tapılıb. Buna görə də hazırda ekspertiza aparılır və istintaq buna görə uzadılır. Əslində isə artıq ittiham verildiyindən iş məhkəməyə göndərilməlidir".

Xatırladaq ki, Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Elnarə
AzNews.az