“Müəllimlərin əməkhaqqı qaneedici səviyyədə deyil“

Azərbaycanda orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.

Təhsil naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində deyib ki, buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.

M.Cabbarov qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq. Onun sözlərinə görə, uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq.

Digər vacib məsələdən danışan təhsil naziri vurğulayıb ki, Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, ümumiyyətlə neqativ hallara qarşı təşkilatı tədbirlər görülüb: "Bundan sonra inzibati və cinayət məsuliyyəti də görüləcək. Nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq".

Mikayıl Cabbarov Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluğun qarşısının alınması yollarına aydınlıq gətirib. Nazir bildirib ki, bu gün ölkədə repetitorluq məsələsi mövcuddur. Bunu problem adlandırmaq istəməyən M.Cabbarov qeyd edib ki, sadəcə bu hal var:

"İnsanların əksəriyyəti güman edir və düşünür ki, seçdiyi ixtisas üzrə qəbul imtahanında yüksək nəticəni əldə etmək üçün repetitordan istifadə etnmək zərurudir. Bunun səbəblərini və köklərini düzgün şəkildə başa düşməliyik və araşdırmalıyıq. Mən gizlətmirəm. Bizim bu məsələlər barədə çox konstruktiv və pozitiv müzakirələrimiz artıq olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri ilə danışıqlar aparılıb. Məni sevindirən hal odur ki, biz bu məsələdə həmfikirik. Bunun köklərini düzgün təhlil edib, müxtəlif tədbirlər görməliyik. Mənim üçün vacib olan məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirəm və belə bir baxışı köklü şəkildə səhv hesab edirəm. Orta təhsilin məqsədi insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməkdir. Artıq o müstəqil vətəndaş öz həyatı barədə qərar qəbul etməlidir.

Mənim ailəmimdə bu heç də düzgün fikir və yanaşma deyil ki, əgər şagird, abituriyent bu və ya digər səbəbdən ali təhsil ocağının tələbəsi olmursa, həyatında peşə seçirsə, ona hansısa şəkildə digər şagirdlərdən daha az istedadlı, daha az əhəmiyyətli işlə məşğul olan bir insan kimi yanaşılsın. Dünya təcrübəsi də bunu göstərir ki, ali təhsili olmayan insanlar da həyatada böyük uğurlara nail ola bilir".

Mikayıl Cabbarov müəllimlərin maaş məsələsinə də toxunub. "Müəllimlərin əməkhaqlarının qaldırılması mövzusu gündəmdədir".

Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı qaneedici səviyyədə deyil: "Lakin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının düzgün mexanizmi tapılmalıdır. Avtomatik şəkildə müəllimlərin əməkhaqları artırılmalıdırmı, yoxsa dünya təcrübəsində istifadə edilən biliyə, səviyyəyə, təcrübəyə görə qiymətləndirmə metodlarından istifadə olunmalıdırmı?

Hazırda bu məsələ müzakirə olunur. Müəllimlərin əməkhaqları ilə bağlı düzgün qərar vermək üçün hərtərəfli müzakirələr aparmaq lazımdır".//apa//

AzNews.az