Deputatımız Nalbandyanı saxtakar və riyakar adlandırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyinə təcili müzakirələr təriqi ilə daxil edilmiş "Xalq etirazları və sərbəst toplaşmaq, mətbuat, ifadə azadlığı problemləri" adlı məruzə əvvəlcədən gözlənildiyi kimi, qızğın müzakirələrə səbəb olub. İspaniyalı deputat Dias Tejeranın hazırladığı məruzə ətrafındakı çıxışlarda problemin mahiyyəti, Avropa Şurasına daxil olan müxtəlif ölkələrdə bu sahədəki vəziyyətlə əlaqədar bir çox təfərrüatların üzərində dayanılıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da diskussiyalara qatılaraq deyib:

"Hər mövzunun öz fəlsəfəsi var və ətrafında fikir bölüşdüyümüz problemin nüvəsini təşkil edən əsas ideya azadlığın sərhədi anlayışıdır. "Azadlıq" və "sərhəd" sözləri zahirən bir-biri ilə ziddiyyət təşkil edən məfhumlar kimi görünə bilər. Lakin hər sərbəstliyin müəyyən həddi, hər azadlığın qanunlarla tənzimlənən konkret sərhədləri var. Azadlıqlar onlar üçün müəyyən edilmiş sərhədləri aşanda xaos başlanır. Ona görə də əsl demokratik ölkə hər kəsin istədiyini etdiyi dövlət deyil, ədalətli, obyektiv, demokratik qayda və qanunlar çərçivəsində insanların öz hüquq və azadlıqlarından sərbəst istifadə edə bildiyi cəmiyyətdir. Söz yox, hər hansı ölkədə sərbəst toplaşmaq, mətbuat, ifadə azadlığının qanuni tənzimlənməsində müəyyən əyintilər ola bilər. Lakin eyni zamanda ayrı-ayrı şəxslərin, yaxud müəyyən qrupların guya hüquq və azadlıqlarının pozulduğunu iddia edərək əslində qanun və qaydaların çərçivəsini kobud şəkildə pozması da istisna deyildir. Ona görə də bu qəbil məsələlərin müzakirəsi zamanı hər bir konkret halda ciddi araşdırma, təfərrüatların yetərincə öyrənilməsi, hər iki tərəfin baxışlarının qərəzsiz qiymətləndirilməsi tələb olunur".

Azərbaycanlı deputat müzakirə edilən problemin kontekstində Ermənistanın xarici işlər naziri E. Nalbandyanın sessiyanın ilk iş günündə deputatların suallarını cavablandırarkən söylədiyi yalanları, saxta bəyanatları da ifşa edib. Fikirlərini ümumiləşdirərək belə bir şəxsin AŞPA-nın kürsüsündən danışmağa, Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsini icra etməyə layiq olmadığını vurğulayan Rafael Hüseynov bildirib:

"İyunun 24-də burada – Assambleyda Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ermənistanın xarici işlər naziri danışırdı. Ona yüksək tribunadan Avropa Şurası Nazirlər Komitəsi adından danışmaq səlahiyyəti və azadlığı verilmişdir. Amma o, Nazirlər Komitəsinin sədri kimi deyil, son 20 ildən artıq bir müddətdə erməni və Azərbaycan xalqlarını bir çox faciələrə düçar etmiş qatı erməni ekstremistinin leksikonu ilə danışırdı.

Saxtakarcasına, hamıya məlum olan həqiqətləri riyakarcasına tam təhrif edərək, qızışdırıcı bir tərzdə, təhqir, böhtan, yalan dili ilə danışırdı. İlk fürsət düşən kimi azadlığın və qanunun sərhədlərini hərisliklə pozmağa can atan belə şəxslərə meydan vermək həmişə təhlükəlidir. Əlbəttə, terrorizmi dövlət siyasətinə çevirmiş, qonşularına və öz xalqına nifrət üstündə köklənmiş, total korrupsiyanı həyat normasına çevirmiş bir rejimin müti təmsilçisi bundan artıq ola bilməz".

Avropa Şurasının insanların ən çeşidli hüquqlarının, ifadə, iradə, toplaşmaq azadlıqlarının qorunması və hər yerdə bərqərar olması üçün böyük işlər gördüyünü vurğulamaqla yanaşı tənqidi fikirlərini də diqqətə çatdıran R.Hüseynov daha sonra qeyd edib ki, bu mövzuda çox ciddi müzakirələr öncəsi Parlament Assambleyasının öz tribunasını belə dəyərlərin düşməni olan E.Nalbandyan kimi bir şəxsə verməsi, həmin şəxsin müəyyən edilmiş formatdan, həqiqət və etika çərçivələrindən kobudcasına kənara çıxaraq hərzə-hədyan danışdığını görə-görə Assambleya sədrinin ona heç bir irad tutmaması ən ciddi etirazlar və ən dərin təəssüf hissləri doğurmaya bilməz. Bura Avropa dəyərlərinin çox yüksək mərtəbəsi olan bir yerdir və ona belə ləkələr vurmağa heç kəsin haqqı yoxdur.

Azərbaycanlı deputatın çıxışı müzakirənin iştirakçıları tərəfindən maraqla qarşılanıb.//AzərTac//

AzNews.az