“Getsin icra başçısını versin məhkəməyə” “Getsin icra başçısını versin məhkəməyə”

İcra başçısının bələdiyyə sədrini təhqir etməsinə HÜQUQİ QİYMƏT

“Getsin icra başçısını versin məhkəməyə”

AzNews.az-ın xəbər verdiyi kimi, Qusar rayon icra başçısı Şair Alxasov Hil kəndində keçirdiyi səyyar qəbulda həmin kəndin bələdiyyə sədrini təhqir edib.

Belə ki, bələdiyyə sədri ilə bağlı şikayətləri dinləyən icra başçısı bələdiyyə sədrini mikrofon önünə çıxarıb və barəsində deyilənlərə cavab verməsini tələb edib. Rayon icra başçısı sualını cavabsız qoyan kənd bələdiyyəsinin sədrinə qarşı təhqiramiz ifadələr işlədib.

Qeyd edək ki, bələdiyyələr seçki orqanlar olub, icra hakimiyyətlərinə heç bir tabeçilikləri yoxdur. Odur ki, seçkili orqan olan kənd bələdiyyəsinin sədri və ümumilikdə Bələdiyyələrlə İş üzrə Mərkəzin faktla bağlı münasibəti maraq doğurur. Bu marağı nəzərə alaraq, AzNews.az Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş üzrə Mərkəzə müraciət edib.
Mərkəzin İnzibati Nəzarət İdarəsinin rəisi hadisədən xəbərsiz olduğunu əsas gətirərək, faktla bağlı münasibət bildirməkdən imtina edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə AzNews.az-a açıqlamasında bildirib ki, bələdiyyə sədri seçkili orqandır. Ədliyyə Nazirliyi isə bələdiyyələrə sadəcə hüquqi yardım göstərir. Odur ki, hər hansı bələdiyyə sədrinə qarşı təhqirə görə münasibət bildirmir: "Biz bələdiyyələrin şərəf və ləyaqətini qorumuruq ki. Bələdiyyələrlə İş üzrə Mərkəz hüquqi təşkilatdır, bələdiyyələrə hüquqi yardım edir. Sivil ölkələrdə bu cür məsələləri məhkəmələr həll edir. Təhqir olunan şəxs özü-özünü müdafiə etməlidir. Bələdiyyə sədri də ağıllı-başlı, savadlı adamdır yəqin ki. Getsin icra başçısını versin məhkəməyə".
Hil kənd bələdiyyəsinin sədri İlqar Sərxanovun isə telefonu söndürüldüyündən icra başçısını məhkəməyə verib-verməyəcəyini öyrənə bilmədik.

Ruhiyyə
AzNews.az