Nazirlik sahibkarlara 4,8 mln manat verdi

İyunun 28-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirib.


AzNews.az-ın məlumatına görə, tədbirdən əvvəl Bakıxanov qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş müasir çörək istehsalı zavodunun yeni istehsal sahəsinin fəaliyyətinə baxış keçirilib.

Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakının ətraf kənd və qəsəbələrində sahibkarlara verilən güzəştli kreditlər, bu kreditlər hesabına reallaşdırılan layihələr, yeni yaradılan iş yerləri və həyata keçiriləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası dövründə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 536 investisiya layihəsinin maliyyələşdirilməsinə 129,7 milyon manat güzəştli kreditlər verilib. Bu layihələrin reallaşması 4600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 26 sahibkarlıq subyektinə 4,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

AzNews.az