Prezident Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Azərbaycana dost və müttəfiq ölkələrdən biri olduğunu deyib.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında güclü siyasi və mədəni əlaqələrin mövcud olduğunu bildirən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.

O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyəsindən razılığını bildirən səfir əlaqələrimizin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.//trend//


AzNews.az